az
Bütün xəbərlər

Azərbaycanda çay mədəniyyəti (Fotosessiya)

9-06-2014, 16:53
Azərbaycanda çay mədəniyyəti  (Fotosessiya)

Demək olar ki, hər gün bir neçə dəfə həvəslə içdiyimiz çay həyatımızın ayrılmaz bir parçasına çevrilib. Ölkəmizdə elə bir ev tapa bilməzsən ki, gün ərzində orada ən azı bir dəfə çay dəmlənməsin.

Söylədiklərimiz sübut edir ki, respublikamızda özünəməxsus çay mədəniyyəti formalaşıb və odur ki, çay təkcə susuzluğu yatırma vasitəsi hesab edilmir. Yəni insanlarımız çay süfrəsi arxasında həm də söhbətləşir, deyib-gülür, bir-birinə ürəklərini açır, problemləri çözməyə çalışırlar...

Çayın tarixi haqqında bir neçə cümlə

Çay bitkisinin vətəni Çin hesab edilir. Bu ölkədə çay yarpağından hazırlanmış həlimin insan orqanizmi üçün faydalı olduğu bilinəndən sonra bu bitkinin becərilməsinə başlanılıb. Tədqiqatçıların araşdırmalarına görə, çayla bağlı ilkin məlumatlara 5 min il əvvələ aid olan Çin əlyazmalarında rast gəlinir. VIII əsrdə isə çay haqqında traktat yazılıb. Həmin traktatda qeyd olunur ki, çinlilər çaydan zəhər əleyhinə vasitə kimi istifadə ediblər. Yaşıl çayı qədim zamanlarda çinlilər 72 növ zəhərə qarşı dərman hesab ediblər. XVIII əsrdə çinlilərə çayın yüzdən çox növü məlum olub və beləcə, Çində ən məşhur içkiyə çevrilib.

Azərbaycan çayı

Çayın Azərbaycana aid olan xüsusi növü var. “Azərbaycan çayı” adlandırılan bu növ əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada becərilməkdədir. Çay xalqımızın əsrlərdən bəri istifadə etdiyi, gündəlik tələbat duyduğu zəruri içki növü sayılır. Hələ qədim dövrlərdə saraylarda keçirilən rəsmi qəbullarda qonaqlara çay təklif edilərmiş. Elçilik mərasimlərində qonaqlara çay təklifi adəti isə bu gün də davam etməkdədir. Çay bitkisi ilk dəfə respublikamıza 1912-ci ildə Lənkəran rayonuna gətirilərək əkilib. Çay emalı zavodu da ilk dəfə 1937-ci ildə məhz həmin rayonda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi istehsalına başlanılıb. Azərbaycanda 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib-becərilib və 34 min tondan çox çay istehsal edilib. Sovet dövründə isə çaya olan tələbatın 8-10 faizi Azərbaycan çayı hesabına ödənilib. O dövrdə Bakıda və Lənkəranda çayqablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərib və bu müəssisələrdə minlərlə işçi çalışıb. 80-ci illərin ortalarında Azərbaycanda 13,4 min hektar sahədə çay plantasiyası becərilib.

Armudu stəkanda çay...

Bizdə çay, adətən, armudu stəkanda içilir. Bunun konkret səbəbi olmasa da, insanlarda belə bir fikir formalaşıb ki, çayın armudu stəkanda içilməsi daha xoş təsir bağışlayır. Xalqımızda çaya xüsusi rəğbətin olması bu sahəni həm də gəlir mənbəyinə çevirib. İndi elə bir rayon, elə bir kənd tapmaq olmaz ki, orada çayxana olmasın.

Çayxanalarımızda çay süfrəyə, adətən, şirniyyat, çərəz və limonla birlikdə verilir. Çox maraqlıdır ki, ölkəmizdə məclis və qonaqlıqlar həmişə çayla başlayır və çayla da yekunlaşır. Həkimlər yeməkdən sonra çay içməyi məsləhət görməsələr də, bir çoxları bu ləzzətdən özünü məhrum etmir.

Çayın faydaları

Bəzi insanlar çaya o qədər aludə olublar ki, bir neçə saat çay içməyəndə başı ağrıyır. Bu, bəlkə də, psixoloji məqamdır, ancaq reallıqdır. Araşdırmalar göstərir ki, isti havada çay içilməsi əhvali-ruhiyyəni yüngülləşdirir, insanı xeyli gümrahlaşdırır. Çayın stresi aradan qaldırdığını düşünənlər də az deyil...

Çay necə dəmlənməlidir?

Hər ölkədə çay müxtəlif cür dəmlənir. Sübut olunub ki, çayın keyfiyyəti ilə yanaşı, onun necə dəmlənməsinin də əhəmiyyəti böyükdür. Bu mənada samovar çayının dadı bir aləmdir.

Dəmlənmə prosesinə gəlincə, adətən, çaynikə onun tutumundan asılı olaraq quru çay tökülür, onun həcminin 3/4 hissəsi təzə qaynadılmış su ilə doldurulur və 4-7 dəqiqə arası dəmə qoyulur. Dəm çayı qaynamamalıdır. Belə olarsa, çayın keyfiyyəti aşağıdüşür və ətri itir.

Çay süfrəsi

Öncə qeyd etdiyimiz kimi, ölkəmizdə çay yalnız susuzluğu yatırtma vasitəsi olma mərhələsini bir növ geridə qoyub. Azərbaycanda susuzlayıb-susuzlamamasından asılı olmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, hər şeydən öncə, qonağa hörmətin əlaməti sayılır.

Elçilik mərasimlərimizin də tacı çay sayılır. Hər halda, mərasimin sonunda razılıq əlaməti olaraq, şirin çayın içilməsi də buna dəlalət edir.

Evdə ürəyi darıxan, yaxud şəhərə gəzməyə çıxan insanların əsas dayanacaq nöqtəsi çox zaman çayxanalar olur. Çayxanalar həm də dost-tanışların görüş yeridir...

Bizdə bir çox problemlərin müzakirəsi də məhz çay süfrəsi arxasında aparılır. İllərlə çıxış yolu tapılmayan bir problem bəzən yarımsaatlıq çay süfrəsi arxasında oturub müzakirə olunmaqla həll edilir.

Biz də sizə ətirli çay süfrəsi arxasında mənalı istirahət və könülxoşluğu arzulayırıq.

baku-art.az


Azərbaycanda çay mədəniyyəti  (Fotosessiya)

Azərbaycanda çay mədəniyyəti  (Fotosessiya)

Azərbaycanda çay mədəniyyəti  (Fotosessiya)

Azərbaycanda çay mədəniyyəti  (Fotosessiya)

Azərbaycanda çay mədəniyyəti  (Fotosessiya)

Azərbaycanda çay mədəniyyəti  (Fotosessiya)

Azərbaycanda çay mədəniyyəti  (Fotosessiya)

Azərbaycanda çay mədəniyyəti  (Fotosessiya)

Azərbaycanda çay mədəniyyəti  (Fotosessiya)
Oxunma sayı : 10108