XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq yazıçısı Əli Vəliyevin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
02/02/2023 00:46

Əli Qara oğlu Vəliyev 1901-ci ildə Zəngəzur mahalı Sisiyan rayonunun Ağudi kəndində doğulub. O, 1923-cü ildən Şuşa firqə məktəbində oxumağa başlayıb. Sonra Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirib.

O, 1925-1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsini bitirib. Əli Vəliyev fəal fəhlə-kəndli müxbiri kimi "Kommunist", "Kəndli", "Gənc işçi", "Yeni fikir" qəzetlərinin səhifələrində də çıxış edib. "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində çalışıb. Azərbaycan Sovet Yazıçıları İttifaqında, Azərbaycan İncəsənət İşçiləri İttifaqında və digər idarələrdə məsul vəzifələrdə işləyib.

"İnqilab və mədəniyyət", "Hücum", "Ədəbiyyat cəbhəsində" jurnallarında hekayələri çap edilib. "Nənəmin cəhrəsi", "Qarlı dağlar", "Qəhrəman", "Ordenli çoban","Sübut" "Cəbhə hekayələri", "Ərköyün", "Sovqat" və onlarla digər kitabların müəllifidir.

1960-1970-ci illərdə "Seçilmiş əsərləri"nin 5 cildi, görkəmli söz ustası Süleyman Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilmiş "Xalq yazıçısı" monoqrafiyası, "Turaclıya gedən yol", "Budağın xatirələri" romanları, "Zəngəzur qartalları", "Bir cüt tərlan" povestləri, "Uşaqlara sovqat", "Əziz nəvələrimə", "Anaqız", "Bir cüt ulduz" nağıl və hekayələri çapdan çıxıb.

1974-cü ildə “Azərbaycan SSR Xalq yazıçısı” fəxri adına layiq görülüb. 1976-ci ildə anadan olmasının 75 illiyi münasibətilə SSRİ Ali Sovetinin Rəyasət heyətinin “Fəxri Fərmanı” ilə, həmçinin bir sıra orden və medallarla təltif edilib.

Əli Vəliyev 1983-cü il fevralın 2-də Bakıda vəfat edib.

Baxış sayı: 92