XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrı mövsümü “Cənnətə bilet” tamaşası ilə yekunlaşdırıb
ÜMÜMİ XƏBƏRLƏR
14/07/2022 03:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı mövsümün bağlanış tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində nümayiş etdirib.

“Cənnətə bilet”  tamaşasının müəllif və rejissoru İlhamə Əhmədova, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Huseynlidir.  Rolları Mehman Piriyev (baba), Flora Hüseynova (nənə), ll Qarabağ müharibəsi iştirakçısı Qurban Əhmədov (şəhid), Gülnar Əlizadə (gəlin), Toğrul İsabəyli və Əli Babayev (uşaqlar) ifa ediblər.

Torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunan tamaşanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, mədəniyyət və incəsənət xadimləri, teatrsevərlər izləyiblər. 

Tamaşada ailəsinin qürurla döyüşə yola saldığı qəhrəmanımız üçün keçiryi narahatlıq öz əksini tapıb. Şəhid qəhrəmanın iki övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Amma uşaq təfəkkürləri ilə “bilet alaraq cənnətə gedib” ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Atalarının yanına getməyə bilet almaq üçün pul yığırlar. 

Tamaşada bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc, müharibədə şəhid olan oğulllarımız üçün keçirdiyimiz qürur dolu kədər öz əksini tapıb.

Tamaşa zamanı həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsi ilə xalqa müraciətlərindən və qələbə müjdəli çıxışlarından istifadə olunub.

Sonda şəhid anaları və qazilər tamaşanın yaradıcı heyətinə öz  təşəkkürlərini bildiriblər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rəhbərliyinə və kollektivinə tamaşanın nümayişi üçün göstərdiyi əvəzsiz dəstəyə görə təşəkkürümüzü bildiririk.

Baxış sayı: 512