az
Bütün xəbərlər

İnformasiyalaşdırılmış cəmiyyətdə kitabxanaların rolu

23-11-2017, 10:08
İnformasiyalaşdırılmış cəmiyyətdə kitabxanaların rolu


Bəşər tarixinə nəzər salarkən belə bir qanununauyğunluq aşkar olunur ki, hər bir əsr özünəməxsus inkişaf prosesi ilə, böyük elmi və mədəni əhəmiyyətə malik hadisələrlə xarakterizə olunur. Məsələn, dünya alimləri keçən əsrin ikinci yarısından başlayaraq XX əsri “atom əsri”, “elmi-texniki tərəqqi əsri”, “informasiya partlayışı əsri” adlandırmağa başladılar. XXI əsr isə “informasiya əsri” hesab olunur. Bunun əsas səbəbi informasiyanın cəmiyyətin əsas aparıcı qüvvələrindən birinə çevrilməsi, sənaye cəmiyyətindən informasiya cəmiyyətinə sürətlə keçidlə əlaqədar idi. İnformasiya cəmiyyəti bəşəriyyətin inkişafında yeni dövrün-informasiya erasının başlanğıcı, müasir dövr sivilizasiyasının yeni inkişaf mərhələsinin əsas əlamətlətindən biridir .İnformasiyalaşdırılmış cəmiyyətin mahiyyəti və xüsusiyyətləri ilə ötəri tanışlıq belə bir qənaətə gəlməyə imkan verir ki, bu cəmiyyət informasiyanın ən mühüm daşıyıcısı olan kitab və kitabxanalarsız keçinə bilməz. Kitabxana informasiyalaşdırılmış cəmiyyətin əsas atributlarından biri, informasiya müəssisələrinin ən mühüm vasitəsidir.


Kitabxanalar meydana gəldiyi gündən müasir günə kimi, cəmiyyətin və onun hər bir üzvünün tələbatını ödəmək və əsrlər boyu toplanmış informasiyanı gələcək nəsillərə çatdırmaq funksiyasını yerinə yetirir. Cəmiyyətin informasiyalaşmasında, informasiyadan inkişaf resursları kimi istifadə edilməsində, ən əsası isə informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların rolu əvəzsizdir. İnformasiyalaşdırılmış cəmiyyətdə kitabxanalara yeni informasiya texnologiyalarının tətbiqi onların qarşısında çox geniş imkanlar açır, fondun, informasiya ehtiyatlarının mühafizə edilməsi və xidmət işində, oxucuların tələbatının ödənilməsində yaranan problemləri asanlaşdırmağa, onları həll etməyə imkan verir. Müasir kitabxanaşünaslığın təzahür forması kimi yeni texnologiyaların tətbiqi ilə əlaqədar kitabxanalar oxuculara yeni on-line xidmət növünü təklif edir ki, internet bu xidmət növünün həyata keçirilməsində əvəzsiz vasitədir. İnternet həm də kitabxanaların yeni informasiya resursları ilə zənginləşməsini təmin edir. İnternet və on-line xidmət kitabxanalara imkan verir ki, onların informasiya ehtiyatlarından və məlumat bazalarından ölkədən kənarda da istifadə olunsun.

Xalqımızın ümummilli lideri, ulu öndər H.Ə. Əliyev hər zaman kitabxana işinə və onun inkişafına yüksək qiymət vermiş , kitabxanaları mənəviyyat, bilik, zəka mənbəyi adlandırmışdır. Bu gün ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İ.H.Əliyevin ölkəmizdə bu sahənin inkişafı, müasirləşməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, qabaqcıl təcrübədən səmərəli istifadə, elektron kataloq və elektron kitabxanaların təşkili və s. məsələlərdə bilavasitə diqqət və qayğısı nəticəsində əhəmiyyətli nailiyyətlər əldə edilmiş, ölkəmizdə bir çox kitabxana-informasiya müəssisələrinin fəaliyyəti qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılmışdır.

Ümumiyyətlə, müasir şəraitdə respublikamızda kitabxana-informasiya müəssisələrinin avtomatlaşdırılması və kompüterləşdirilməsi sahəsində görülən tədbirləri aşağıdakı kimi qruplaşdırmağı məqsədəmüvafiq hesabetmək olar:

1. Respublikanın kitabxana-informasiya müəssisələrində avtomatlaşdırma və kompüterləşdirmə proseslərini həyata keçirmək üçün müvafiq maddi-texniki şəraitin yaradılmasının təşkil edilməsi;

2. Bu proseslərin tətbiqi üçün lazım olan proqram və texniki təminat vasitələrinin alınması, kompüterlər, perferiye qurğuları, mexanikləşdirmə vasitələri, elektrik avadanlıqları və digər zəruri elementlərlə təmin edilmə;

3. Elektron kataloq və elektron kitabxanaların təşkili üçün müvafiq beynəlxalq yazı formatları və AKİS-lərin təşkili;

4. Adları çəkilən nəzəri, texniki və texnoloji prosesləri həyata keçirmək üçün kadr hazırlığı .

Respublikamızda artıq kitabxanaların müasirləşdirilməsi və modernləşdirilməsi üçün müvafiq dövlət və qeyri-dövlət təşkilatları özlərinin beynəlxalq əlaqələrini genişləndirir, beynəlxalq qrant layihələrində iştirak edir, və kitabxana-informasiya sahəsində ən nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edirlər. Artıq bu sahədə kifayət qədər mütərəqqi addımlar görülür.

Müstəqillik şəraitində dövlətimiz və xalqımız, alimlərimiz, ziyalılarımız, bütün qəbildən olan mütəxəssislərimiz qarşısında duran ən mühüm vəzifə müasir Azərbaycan cəmiyyətini informasiyalaşdırmaqdır. Bu məqsədlə Azərbaycan dövləti mütərəqqi addımlar atmış, müstəqil Azərbaycanda informasiyalaşdırılmış vətəndaş cəmiyyəti quruculuğu prosesini sürətləndirmək üçün onun mükəmməl hüquqi bazasını formalaşdırmışdır. “Kitabxana işi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilmiş, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan Respublikasında Kitabxanainformasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” prezidentin sərəncamları verilmişdir ki, bu da ölkəmizdə kitabxana-informasiya sahəsinin hərtərəfli inkişafına dövlət qayğısının bariz təzahürləridir.

Heç şübhəsiz ki belə qədim və zəngin kitab və kitabxana mədəniyyətinə malik olan xalqımız və onun bu günkü müstəqil dövləti müasir kitabxana-informasiya müəssisələrini yeni dövrün tələbləri əsasında inkişaf etdirmək və hərtərəfli tərəqqisini təmin etmək üçün ən vacib və zəruri addımları atır, müasir texnika və texnologiyaların tətbiqi və ondan səmərəli istifadə üçün münbit şərait yaradır. Yəni, hazırki şəraitdə bütün dünya təcrübəsində olduğu kimi Azərbaycan Respublikasında da cəmiyyətin informasiyalaşdırılması prosesini yüksək səviyyədə təşkil etmək üçün bu işə ilk olaraq kitabxanalarından başlanılır.


2008-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində İnformasiya Turizm Mərkəzi fəaliyyətə başlamışdır. 2011-ci ildə Bakı şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin yaradılması Mərkəzin işinin daha da genişlənməsinə səbəb olmuşdur. İnformasiya Turizm Mərkəzi avtomatlaşdırma və informasiya-kommunikasiya texnologiyalarının şəbəkəyə daxil olan mədəni maarif müəssisələrində, o cümlədən kitabxanalarda tətbiqi və idarə edilməsi, ədəbiyyatın elektron versiyasının və elektron kataloqun yaradılmasına nəzarət, veb-saytlarda informasiyaların tənzimlənməsi, məlumat bazasının təkmilləşdirilməsi, məlumatın ötürülməsi, fotosessiyaların, slaydların hazırlanması, görulən işlər haqqında ictimaiyyətin məlumatlandırılması, həmçinin turizmlə bağlı informasiyanın yerləşdirilməsi istiqamətində fəaliyyət göstərir.

İnformasiya cəmiyyəti və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların üzərinə böyük vəzifələr düşür. Kitabxanalar əhalinin bütün təbəqələrinə informasiya xidməti göstərən yeganə sosial institutdur. Məhz kitabxanalar vasitəsilə cəmiyyətin intellektual potensialının formalaşması və inkişafı kimi funksiyalar yerinə yetirilir. Ümumiyyətlə, kitabxana-informasiya şəbəkəsinin inkişafı əhalinin mədəni səviyyəsinin yüksəlməsinə, onların fasiləsiz təhsilə və informasiyaya olan tələbatının ödənilməsinə imkan yaradır.

Hazırladı: Xəzər rayon MKS-in informasiya-resurs şöbəsinin müdiri - Nilufər Abdulova

baku-art.az
Oxunma sayı : 1024