XƏBƏRLƏR
MƏLUMAT
“Kinqin qəsri” tamaşası balaca izləyicilərə təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
05/02/2021 07:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı 5 yaşlı uşaqlar üçün yeni tamaşa hazırlayıb.

Ceneviev Kotenin “Cənab Kinqin qəsri” adlı nağılı əsasında səhnələşdirilmiş “Kinqin qəsri” tamaşası Azərbaycan Respublikası Təhsil Nazirliyinin başlatdığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun icra etdiyi “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində ərsəyə gəlib.

Tamaşanın quruluşçu rejissoru – Əməkdar artist İntiqam Soltan, ssenari müəllifi Arzu Soltan, rejissoru Rauf Hüseyn, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimdir.

Tamaşada teatrın aktyorlarından Niyaz İlyasoğlu, Nərminə Məhərrəmova, Gülər Ləzgiyeva, Qurban Əhmədov, Rəhimə Abdinova, Sənan Fərzəliyev, Toğrul İsabəyli bir-birindən maraqlı qəhrəmanları uşaqlara təqdim ediblər.

“Güc birlikdədir”, “Təbiətə qayğı insanı yaşadır”, “Dünya hamımızındır”, “Qurub yaratmaq üçün təbiəti məhv etmək olmaz” ideyaları üzərində qurulan tamaşa əyləncəli tədris vasitəsi kimi mühüm əhəmiyyət daşıyır. Təbiətin qoynunda sanama və “Gizlənpaç” oyunu ilə başlanan əsər mövzunu uşağa bir qədər də yaxınlaşdırır.

Təbiətin gözəlliyindən valeh olan Kinqin ağacları qırıb özünə qəsr tikməsi, oyananda pəncərədən baxıb viran qoyduğu ərazini görməsi, dostlarının ona kömək edərək təbiəti bərpa edib, yerdə qalan bir neçə hissədən ona yeni evcik qurması isə balacalara təbiətdə hər əşyanın öz yeri, hər heyvanın öz funksiyası olduğunu və maddələrin dövranında hamımızın bir zərrə kimi iştirak etməyimizi aşılayır. Onlara təbiəti qorumaqla bəşəriyyəti yaşatdığımızı öyrədir. Kinq dostlarından üzr istəyir və bu talanın tək onun deyil, hamının olduğunu bildirir.

Yaradıcı kollektivi tamaşa münasibətilə təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

https://www.youtube.com/watch?v=pGvfcCscyQ0&feature=youtu.be

Baxış sayı: 527