XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli, pedaqoq, maarifçi, ictimai xadim Qəribsoltan Məlikovanın anadan olmasının 135 illiyidir
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2021 02:19

Qəribsoltan Həsən bəy qızı Məlikova 1886-cı il (bəzi mənbələrdə 1896) iyunun 11-də Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov-Zərdabinin ailəsində anadan olub. Qəribsoltan Məlikova orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil alıb. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra onun arzusu ilə Bakıya köçməyə məcbur olub və 1910-cu ildə pedaqoji fəaliyyətə başlayıb. 1914-cü il mayın 10-da ona ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadətnamə təqdim edilib.

1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs deyib, 1918-1920-ci illərdə bir sıra çətinliklərə sinə gələrək Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs deyib, həm də pedaqoji kursda öz təhsilini artırıb. 4 noyabr 1938-ci il tarixində Qəribsoltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında Attestat təqdim edilib.

Ailə üzvlərinin repressiyası səbəbindən Gəncəyə köçərək bir müddət burada sakit həyat yaşamaq istəyib. İkinci Dünya müharibəsi illərində görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla (Nanə xanım Zərdablı olduğu üçün) Zərdaba gedib və hər ikisi orta məktəblərdə müəllim kimi çalışıblar. Həsən bəyin ailəsindən tək yadigar qalmış Qəribsoltan xanımı qardaşı Midhətin faciəli həyatı, anası Hənifə xanımın vaxtsız ölümü, Bibiheybət məscidinin yanından atası Həsən bəyin məzarı yerləşən qəbiristanlığın dağıdılması xəbəri çox sarsıdıb. Çox çətinliklə də olsa cənazənin qalıqlarını Həsən bəyin ömür-gün yoldaşı Hənifə xanım Məlikova-Abayevanın yanında basdırıb. Bütün bu çətinliklərə baxmayaraq vətənpərvər müəllimə Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk illərdə yeni yaradılan məktəblərin, savad kurslarının təşkilində yaxından iştirak edib və qabaqcıl pedaqoq kimi respublikada maarifin inkişafında əlindən gələn köməyi əsirgəməyib.

Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikovaya 1948-ci ildə “Azərbaycan SSR-in Əməkdar müəllimi” adı verilib, “Lenin” ordeni ilə təltif edilib.

Qəribsoltan Məlikova 1956-cı ilədək Bakının bir sıra orta məktəblərində yorulmaq bilmədən çalışıb, neçə-neçə nəslin yetişməsində böyük rol oynayıb.

Maarifpərvər insan, ziyalı xanım Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat edib.

Baxış sayı: 331