XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq və Gənclər Teatrının “Həyatla oyun” tamaşasının nümayişi olub
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2022 07:56

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının "Həyatla oyun" tamaşası R. Behbudov adına Mahnı Teatrında nümayiş olunub.

Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır, insanların sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir. 

Tamaşa Avropa Şurasının  Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə həyata keçirilən innovativ layihə olaraq, 80 ölkə tərəfindən təqdim olunmuş layihə arasında ilk üçlüyə düşüb və teatra sertifikat təqdim edilib.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Raqif Allahverdiyev və  tamaşanın rejissoru Respublikanın Əməkdar artisti İntiqam Soltan gənclər qarşısında çıxış edərək narkomaniya kimi bir bəlanıın nə qədər ciddi problemlər törətdiyindən söhbət açıblar.  Tamaşadan sonra  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edib.

Tamaşada hadisələr real həyatdan götürülüb. Hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir. Universitet tələbəsi olan Duman narkotik aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikdən istifadəyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur. Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yalnış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir. Hətta narkoman qardaşını pis vəziyyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir. Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Müddəti 1 saatdır.

Tamaşanın rejissoru Əməkdar artist İntiqam Soltan, müəllifi Arzu Soltan, rəssamı Sevda Məmmədovadır.

Baxış sayı: 428