XƏBƏRLƏR
MƏLUMAT
Kiçikyaşlı oxucular şəhid Elnur Abdullayev haqqında videoçarx hazırlayıblar
ÜMÜMİ XƏBƏRLƏR
01/11/2021 06:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin 7 nömrəli filialının kiçikyaşlı oxucuları Vətən müharibəsi şəhidi Elnur Təvəkkül oğlu Abdullayev ilə bağlı videoçarx hazırlayıb.

Elnur Təvəkkül oğlu Abdullayev 10 iyul 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə alıb. Elnur Abdullayev 2007-2009-cu illərdə “N” saylı hərbi hissədə hərbi xidmətdə olub.

Silahlı Qüvvələrimizdə xidmət etmək arzusu onun müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu kimi qalmasına səbəb olub. O, xidmətinə görə, bir çox Fəxri fərmanlara layiq görülüb.

Elnur Abdullayev 2020-ci il sentyabrın 27-də Füzuli, Xocavənd istiqamətlərində döyüşüb, düşmənin 9 tankını qənimət olaraq ələ keçirilməsində peşəkarlıq, şücaət göstərib. Döyüşlərin birində idarə etdiyi tankın vurulmasında son anda xilas ola bilsə də 2020-ci il oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə cəsur tankçı Elnur Təvəkkül oğlu Abdullayev qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Elnur Təvəkkül oğlu Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Elnur Abdullayev haqqında hazırlanmış videoçarx kitabxananın “YouTube” kanalı üzərindən paylaşılıb.

Baxış sayı: 376