XƏBƏRLƏR
MƏLUMAT
Bu gün tanınmış fırça ustası Asif Azərellinin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
19/07/2023 00:47

Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.

Asif Azərelli 1976-cı ildə keçmiş SSRİ-nin Rəssamlar İttifaqının mükafatına layiq görülüb.

1980-ci ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirib. Onun diplom işi Baykal-Amur magistralı ilə bağlı olub. Rəssam bu mövzuda 4 əsər yaradıb. Yaratdığı bu əsərlərə görə, 1980-ci ildə birbaşa SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunub.

Bakıya qayıtdıqdan sonra, SSRİ Xalq rəssamı, mərhum Mikayıl Abdullayev bir sərgidə rəssamın “Qoca qarabağlı” əsərini görüb və çox bəyənib.

Asif Azərelli 1983-1984-cü illərdə UNESCO tərəfindən təşkil olunan beynəlxalq sərginin iştirakçısı olub.

1990-cı illərdə Türkiyəyə üz tutur və peşəkar rəssam kimi çalışmağa başlayır, portretini işlədiyi qalereyaçı ona tez-tez sifarişlər verir, əsərlərinin satışına kömək edirdi. Bir gün ona beynəlxalq sərgiyə qatılmağı təklif edib. Sərgidə Asif müəllimin əsərləri böyük marağa səbəb olub və qalereyaçı rəssamın Azəri elindən olmasını bildirib. Rəssam bu sözü çox bəyənib və beləliklə “Azərelli” onun yaradıcılıq imzasına çevrilib.

Tanınmış rəssamın Qarabağ hadisələri ilə bağlı silsilə əsərləri var. Bu əsərlərdə xalqımızın başına gətirilən dəhşətləri təxəyyülünün və fırçasının gücüylə tamaşaçılara çatdırır. İrihəcmli “Cıdır düzü” əsəri insanı xəyalla gerçəklik arasında qoyur. A.Azərellinin Qarabağ mövzusunda yaratdığı tablolardan biri Xocalı soyqırımına həsr olunmuş sərgi-müsabiqədə ilk yeri tutub.

Rəssamın yaradıcılığında portret janrı ayrıca yer tutur. Bu əsərlərdə rəssam obrazların inandırıcı oxşarlığını verməyə çalışır, sanki onları danışdırmağa nail olur. Ən məşhur əsərlərindən biri “Dədə Qorqud” portretidir. Bu əsər ölkəmizdə Dədə Qorqud obrazı olaraq daha çox qəbul olunur.

Asif Azərellinin əsərləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilən sәrgilәrdә nümayiş etdirilib.

Görkəmli rəssam  4 sentyabr 2022-ci ildə vəfat edib.

Baxış sayı: 176