XƏBƏRLƏR
MƏLUMAT
“Zəfərdən qayıdan igidlər” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/11/2021 05:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Yasamal rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəfərdən qayıdan igidlər” adlı tədbirdə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın direktoru Lətifə Məmmədova açaraq Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıq haqqında danışıb, bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib. O, qeyd edib ki,Vətən müharibəsində Ali Baş Komandan 44 gün ərzində hərbi mundiri əynindən çıxarmayıb. İlham Əliyev dünyada yeganə prezidentdir ki, bütün müharibə boyu əsgəri ilə çiyin-çiyinə döyüşüb, onunla bir yerdə olub.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva çıxışında qaziləri düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıb.

Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova “Qazilər” şeirini söyləyib və qeyd edib ki, tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirib. Vətən müharibəsi qazilərinə təşəkkürünü bildirib.

Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əli-zadə vurğulayıb ki, şəhidlər və qazilər Azərbaycan tarixini yazdılar, onlar mənfur düşmənə qarşı cəsarətlə döyüşüblər. Onların bir amalı var idi, Vətən torpağını işğaldan azad etmək. Onlar 30 illik həsrətə son qoyublar.

“Dəmir Yumruq Alfa-A” cəmiyyətinin sədri Ülviyyə Vasifqızı çıxışında bildirib ki, biz çoxlu şəhidlər verdik. Şəhid anaları qarşısında baş əyirik və onlara rəhmət diləyirik. Azərbaycan anaları Vətənə igid oğullar bəxş ediblər. Müharibə zamanı Ali Baş Komandan xalqı birliyə çağırdı və xalq onun ətrafında sıx birləşdi. Xalq, dövlət və ordu birliyi yarandı.

Milan Hospitalın direktor müavini Sabit Paşayev qazilərə təmənnasız müayinə və müalicə etməklərindən söhbət açıb və qeyd edib ki, hospitalın nəzdində fəaliyyət göstərən idman zalından qazi övladları ödənişsiz istifadə edirlər.

“Qarabağ qaziləri” İctimai Birliyinin “Gənc Qazilər” filialının rəhbəri qazi Hacı Vəliyev Azərbaycan Ordusunda on il xidmət göstərdiyini bildirib. O, qeyd edib ki, Müzəffər Azərbyacan Ordusu güclü orduya çevrilib.

“Elin səsi” İctimai Birliyinin sədri Elvin Talışınski atasının, özünün və qardaşının orduda xidmət etdiklərini deyib. O, qeyd edib ki, biz daima ideoloji müharibə aparmalıyıq, haqq səsimizi dünya ictimaiyyətinə çatdırmalıyıq.

Tədbirin sonunda “Dəmir Yumruq Alfa-A” cəmiyyətinin rəhbərliyi qazilər Hacı Vəliyevə, Muxtar Allahyarova,Emil Bayramova,Elşən Əhmədova,Orxan İmanova,Faiq Bədəlova, Ruslan Məmmədova, Hümbət Abbaszadəyə, Mahir İbrahimova,Tacəddin Cəfərova,Orxan Hüseynova,Xətai Ağayeva,Əlimusa İsmayılova və bir sıra tədbir iştirakçılarına fəxri diplomlar təqdim edib.

Tədbirdə müğənnilər Aygün Ağayeva və  Mütəllim Mütəllimov, habelə 239 nömrəli tam orta məktəbin şagirdi Kərim Cəlilov Vətənə və Qarabağa aid mahnılar ifa ediblər.

Sonda Ali Baş Komandan İlham Əliyevin qazanılan Zəfərlə bağlı çıxışları və Müzəffər Azərbaycan Ordusunun rəşadətini əks etdirən videoçarxlar nümayiş olunub.

Baxış sayı: 306