XƏBƏRLƏR
MƏLUMAT
Bu gün rəssam Cəlil Hüseynovun 65 illik yubileyidir
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2022 01:55

Cəlil Qafar oğlu Hüseynov 1957-ci il aprel ayının 1-də anadan olub. 1977-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirib. 1977-1982-ci illərdə Xarkov Dövlət Rəssamlıq İnstitunun monumental rəngkarlıq ixtisası üzrə təhsil alıb.

1982-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və dekan vəzifələrində işləyib. 2000-2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.

1982-ci ildən mütəmadi olaraq müxtəlif respublikada və ABŞ, Fransa, Almaniya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Suriya, BƏƏ, Ukrayna və s. ölkələrdə təşkil edilmiş beynəlxalq sərgilərdə iştirak edib. 2000-2002-ci illərdə nəşr edilmiş “Akademik rəngkarlıq” və “Təsvir və müstəvi” dərsliklərinin müəllifidir. Bir sıra əsərləri Azərbaycan Milli İncəsənət, Bakı Müasir İncəsənət muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

1983-cü ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. Rəssamlar İttifaqı tərəfindən təşkil edilən “Payız” və “Bahar” Respublika sərgilərində mütəmadi olaraq iştirak edib.

Rəssam “Bizim dünyamız” (Belqorod şəhəri, Pedaqoji institutun foyesi, 1979), “Təbiət” (Xarkov şəhəri, 20 saylı poliklinika, 1980), “Aviasiyamızın tarixi” (Xarkov şəhəri, Aviasiya institutun foyesi, 1981), “Uşaqlıq dünyası” (Neftçala şəhəri, Uşaq bağçasının foyesi, 1983), “Elmin inkişafı” eskiz (Ümumittifaq sərgi, Tbilisi, 1983), “Təbiət və musiqi” (Naxçıvan şəhəri, Musiqi məktəbinin foyesi, 1985) adlı monumental rəsmlərin, “Qəmginlik”, “Metrotikənlər”, “Ölkənin gəncliyi”, “Natürmort”, “Ölkənin gəncliyi”, “Ay işığında”, “Vətənin keşiyində”, “Çılpaq qadın”, “Ağaclar”, “Dəniz”, “Emalatxana”, “Abşeron mənzərələri”, “Bağ evi”, “Abşeron kəndi”, “Yanar dağ”, “Malbert arxasında”, “Uzanmış qadın”, “Naxçıvan mənzərəsi”, “Natürmort”, “Metrotikənlər”, “Mənzərə” adlı rəngkarlıq işlərinin müəllifidir. Cəlil Hüseynov Nizami Gəncəvi “Lirika”, B.Vahabzadə “Şerlər”, N.Xəzri “Torpaq sənə and içirəm”, Markes “Gözlənilən bir qətl”, S.Səxavət “Dar köynək”, H.Abbas “Günahım olsa”, T.Bayram “Şerlər”, S.Qasımlı “Mənim nigaran anam”, R.Duyğun “Haray dünya”, A.Mirzə “Mən baxdığım pəncərə”, M.Abdullayeva “Tərk edilmiş yuvalar”, C.Əhmədov “Aran”, İ.İsmayılzadə “Bir ömürlük gecə”, A.Həsənli “O ağacın kölgəsi”, C.Kalayev “Aynur” kitablarına bədii tərtibatlar və illüstrasiyalar verib.

2002-ci ildə “Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi” adına, 2005-ci ildə isə “Xalq rəssamı” adına layiq görülüb.

Xalq rəssamı 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Milli irs mükafatı” ilə təltif olunub.

Cəlil Hüseynov 1986-cı ildən mütəmadi olaraq memarlıq layihələrinin müəllifi kimi fəaliyyət göstərir. Türkiyənin və Azərbaycanın bir sıra şəhər və rayonlarında onun layihələri ilə tikilmiş memarlıq nümunələri var. Türkiyənin Qars və İzmir şəhərlərində Heydər Əliyev adına məslək liseylərinin binası, Bakıda Ali Neft məktəbinin, British college (2015), Xəzər və Nizami rayonlarında YAP inzibati binası, Şıxov çimərliyində Hotel binası, Keşlə qəsəbəsində bağça binası, Astara rayonunda “Astara çay” fabriki, Balakən rayonunda Heydər Əliyev muzeyi, Gənclər mərkəzi, YAP inzibati binası, H.Əliyev muzeyi, Uşaq İncəsənət məktəbi, Qusar rayonunda H.Əliyev muzeyi, Kafe, Gənclər evi, Siyəzən rayonunda YAP inzibati binası, Gənclər evi, H.Əliyev muzeyi, Şamaxı rayonunda Etnoqrafiya muzeyi, Şamaxı Diaqnostika mərkəzi, Naftalan İH inzibati binası və s. memarlıq nümunələrini buna misal göstərmək olar.

Hal-hazırda Rəssamlıq Akademiyasının rəngkarlıq kafedrasında professor vəzifəsində çalışır.

Baxış sayı: 530