XƏBƏRLƏR
MƏLUMAT
Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş bilik yarışması başa çatıb
ÜMÜMİ XƏBƏRLƏR
06/04/2022 01:46

“Açıq dərs-Açıq fikir” layihəsi çərçivəsində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş bilik yarışması keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışma F.Köçərli adına Respublika Uşaq Kitabxanası, “Missiya Media” qrupunun və Yuri Kovalyov adına 229 nömrəli məktəbin təşkilatçılığı ilə keçirilib.

Məktəbin foyesindən başlayan tədbirdə “Qarabağ şikəstəsi”nin sədaları altında Pənah xan, Xarıbülbül, fransız yazıçısı A.Dümanın obrazları canlandırılıb. “Xudayar təsnifi” ifa olunub. Xan qızı Natəvanın “Qərənfil”, “Bənövşə”, “Könlüm” və digər qəzəlləri səsləndirilib, Qarabağ mətbəxinin şirniyyatları qonaqlara təqdim olunub.

Tədbirin bədii hissəsində İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında kompozisiya təqdim edildikdən sonra iştirakçılar bilik yarışmasına keçid alıb.

Yuxarı sinif şagirdləri arasında keçirilən bilik yarışmasında iştirakçıların cavabları münsiflər tərəfindən qiymətləndirilməklə qaliblər müəyyənləşib. 1-ci yerə Əli Mirzoyev, 2-ci yerə Çinarə Hüseynova, 3-cü yerə isə Ayşə Bodurova layiq görülüblər.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbin kollektivinə minnətdarlığını bildirərək iştirakçı şagirdlərə diplom təqdim edib.

Baxış sayı: 367