XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış vokal ustası, Xalq artisti Mürsəl Bədirov
ÜMÜMİ XƏBƏRLƏR
27/10/2022 01:32

Azərbaycanın bariton səsli opera müğənnisi, Azərbaycan SSR-nin Xalq artisti Mürsəl Tağı oğlu Bədirov 27 oktyabr 1931-ci ildə Dağıstanda doğulub. 1951-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizodik rollar oynayıb. 1956-cı ildə təhsilini başa vurub, Opera və Balet Teatrına solist götürülüb.

Onun Jorj Bizenin "Karmen" (Eskamilo və Morales), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puççininin "Toska" (Sezar Anjelotti), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsanın taleyi" (Andrey SokoIov), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər), milli bəstəkarlarımızdan Üzeyir bəy Hacıbəylinin "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa etdiyi partiyalar uğurlu sənət nailiyyətləridir.

Səhnə sənətində və vokalçı kimi qazandığı uğurlara görə Mürsəl Bədirov 29 iyun 1964-cü ildə “Azərbaycan SSR Əməkdar artisti” və 23 fevral 1979-cu ildə “Xalq artisti” fəxri adları ilə təltif olunub.

Vokal ustası 26 fevral 2003-cü ildə Bakıda vəfat edib.

Baxış sayı: 101