XƏBƏRLƏR
MƏLUMAT
Savalan baba... - Görkəmli aktyor Sadıq Hüseynov
ÜMÜMİ XƏBƏRLƏR
29/12/2020 00:57

Sadıq Ömər oğlu Hüseynov 29 dekabr 1924-cü ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Hələ ibtidai məktəbin dördüncü sinfində oxuyarkən Kürdəmir şəhər mədəniyyət evində fəaliyyət göstərən xalq teatrına üzv olub. Orada hazırlanan tamaşalarda müxtəlif rollarda çıxış edib. Yuxarı sinifdə oxuyarkən məktəblərdə müəllim çatışmazlığından müəllim kimi işləməyə başlayıb. Orta məktəbi bitirdikdən sonra müəllimlik fəaliyyətini davam etdirib.

Böyük Vətən Müharibəsi başlayanda 18 yaşlı Sadıq Hüseynov ordu sıralarına çağırılıb. Müharibə başa çatandan sonra o, Bakıya qayıdıb və Gənc Tamaşaçılar Teatrında işə qəbul edilib. Teatr İnstitutunda təhsil alan Sadıq Hüseynov sonradan görkəmli rejissor Adil İsgəndərovun dəvəti ilə 1952-ci ildə Azərbaycan Dövlət Akademik Dram teatrında çalışıb. Burada müxtəlif obrazlar yaradıb. Akademik Dövlət Dram Teatrında səhnəyə qoyulan “Fərhad və Şirin” də Şiruyyə, “Otello” da Senator, “12-ci gecə” də Pavloni, “Vaqif” də Vidadi, “Od gəlini” ndə Yanardağ, “Xəyyam” da Əbu Tahir, “Həyat” pyesində Xəlil, “Günahsız müqəssirlər” də Dudukin, “Qaçaq Nəbi” də Qəhrəman rollarına qol-qanad, can verib. Bu irili-xırdalı rollar Sadıq Hüseynovu peşəkar aktyor kimi yetişdirib, sənət yolunu müəyyənləşdirib. 

Sonralar aktyor “Azərbaycanfilm” kinostudiyasında, Azərbaycan Televiziyası və Radiosunda işləyib. Teatr və kinoda müxtəlif rollar oynamaqla yanaşı, həm də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin radio efirində də çıxışlar edib, verilişlər aparıb, obrazlar yaradıb. İşlədiyi dövrlərdə filmlərdə çəkilməklə yanaşı, uşaq veriləşlərində də aparıcılıq edib ki, sonda uşaqların sevimli Savalan babasına çevrilib.   Sadıq Hüseynov irili-xırdalı, qısametrajlı-tammertrajlı 98 filmə çəkilib. Həmin filmlərdən “Axırıncı aşırım”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Qaçaq Nəbi”, “Evlənmək istəyirəm”, “Qəm pəncərəsi”ni sadalamaq olar.

Sadıq Hüseynov 1974-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

Görkəmli sənətkar 1 iyun 2003-cü ildə vəfat edib. 

Qeyd edək ki, Əməkdar Artist Arzu Hüseynov Sadıq Hüseynovun oğludur.

Baxış sayı: 1603