XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanlar unudulmur” rubrikasında Milli Qəhrəman Şikar Aslanov
ÜMÜMİ XƏBƏRLƏR
10/06/2022 02:49

Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olub. 1977-ci ildə Süleymanlı kənd tam orta məktəbinin birinci sinfinə gedib, 1987-ci ildə həmin məktəbi bitirib. 1988-ci ildə Sovet Ordusu sıralarına çağırılan Şikar, 1990-cı ildə ordudan tərxis olunub və doğma kəndinə dönüb. Elə həmin ildə Cəbrayıl Rayon Daxili İşlər Şöbəsində post-patrul bölməsinə qəbul olunub.

Erməni işğalçılarının Vətənimizə basqını zamanı Şikar Aslanov da silaha sarılaraq döyüşə yollanır və ən qaynar döyüşlərin iştirakçısı olub. 1992-ci ilin iyun ayında Xocavənd rayonunun Sur kəndində o, öz PDM-I (piyadaların döyüş maşını) ilə düşmənin neçə-neçə atəş nöqtəsini susdurub. Döyüşlərdə göstərdiyi şücaətə görə Şikar bir neçə dəfə komandirləri tərəfindən fərqləndirilib. O, təkbaşına kəşfiyyata getməyə üstünlük verib, hər dəfə də dəqiq məlumatla geri dönüb.

1992-ci il iyul ayının 2-si “Şayaq” əməliyyatı zamanı snayper gülləsi Şikar Aslanovu başından ağır yaralayıb. Hospitala çatdırılsa da, onu ölümün pəncəsindən xilas etmək mümkün olmayıb. Doğulduğu Süleymanlı kəndində dəfn edilib.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli 264 saylı Fərmanı ilə Aslanov Şikar Davud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Cəbrayıl rayonu Süleymanlı kənd tam orta məktəbi onun adını daşıyır.

Baxış sayı: 541