XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Şamil Süleymanlının doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
11/05/2023 01:18

Şamil Kamran oğlu Süleymanlı 11 may 1955-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Azərbaycanfilm" kinostudiyasında işləyərək bir çox filmlərdə çəkilib.

29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

“Baladadaşın ilk məhəbbəti”, “Axtaran tapar”, “Qızıl uçurum”, “Üzeyir ömrü”, “Evlənmək istəyirəm”, “Yuxu”, “Əlavə təsir”, “Çölçü”, “Dolu”, “Mahmud və Məryəm”, “Yarımçıq xatirələr”, “Hədiyyə” və sair filmlərdə çəkilib.

Sadəliyi, xarakter müxtəlifliyi və tipajlılığı ilə seçilən obrazları özünəməxsus tərzdə ifa edən Xalq artisti Şamil Süleymanlı üçün rolun böyüyü və ya kiçiyi yoxdur. Çünki tapdığı mizanlar sayəsində çəkildiyi epizodik rolu baş qəhrəmana çevirmək iqtidarındadır.

Bəzən sadə bir baxış, mimika böyük bir monoloqu əvəz edir. Aktyorun məharəti isə bu anı tamaşaçıya gözəl çatdırmasında və yaddaşlara həkk etməsindədir.

Bir də Şamil müəllimin ifa etdiyi rolların maraqlı cəhəti, onların həm görünüş, həm də nitq baxımından təbiiliyindədir. Sanki onlar gündəlik həyatımızdan ekrana köçüb fikirlərini, düşüncələrini paylaşır. Gerçək həyatlarına ekran ömrü bəxş edirlər.

Baxış sayı: 137