XƏBƏRLƏR
MƏLUMAT
Bu gün ustad xanəndə Yaqub Məmmədovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2022 01:13

Yaqub Məhəmməd oğlu Məmmədov 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olub. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.

Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəstgahları, xanəndəlik sənətinin sirlərini öyrənib, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanıb. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib. Müəlliminin sevimli muğamı olan "Çahargah" onun yaradıcılığında xüsusi yer tutub. Azərbaycan ifaçılıq sənətinin görkəmli simalarından olan Yaqub Məmmədov sələflərinin yolunu layiqincə davam etdirib. Cabbar, Seyid, Xan, Zülfü məktəbinin ənənələrinə sadiq qalan xanəndə öz oxu tərzi ilə klassik muğam ifaçılığı üslubunu qoruyub saxlayıb.

O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılıb.

Yaqub Məmmədovun yaradıcılıq yolu Azərbaycan ifaçılıq tarixinin silinməz səhifələrini təşkil edib. Onun oxuduğu "Çahargah", "Mirzə Hüseyn segahı", "Rast", "Zabul" və başqa muğamlar, neçə-neçə xalq mahnı və təsnifləri ustadın qiymətli yadigarı olaraq lent yazılarında qorunub saxlanır.

Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaradıb. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələniblər.

Baxış sayı: 496