XƏBƏRLƏR
MƏLUMAT
Bu gün rejissor Tofiq İsmayılovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
06/04/2021 02:30

Tofiq İsmayılov 6 aprel 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 190 saylı Bakı şəhər orta məktəbini bitirib (1958). M.A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində (1958-1962), sonra rejissorluq fakültəsində (1962-1968) təhsilini davam etdirib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967), "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru (1967-1968) vəzifələrində çalışıb. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb (1968-1970). Sonra "Azərbaycanfilm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləyib (1969-1988). 

Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləyib. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub.

Tanınmış rejissor "Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləyib. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilib (1992-2011). Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilib.

Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat edib.

Baxış sayı: 370