XƏBƏRLƏR
MƏLUMAT
Bu gün görkəmli musiqişünas, alim Elmira Abasovanın anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
12/02/2021 00:27

Elmira Əbdülhəmid qızı Abasova 1932-ci il yanvarın 10-da Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının musiqişünaslıq ixtisası üzrə bitirib və həmin ildən ömrünün sonunadək konservatoriyada pedaqoji fəaliyyət göstərib. Bu müddət ərzində E.Abasova onlarla məzun-musiqişünas, 8 sənətşünaslıq namizədi yetişdirib. 1962-ci ildə Moskvadakı Ümumittifaq Sənətşünaslıq İnstitutunda “Ü.Hacıbəylinin opera və musiqili komediyaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1977-1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışan E.Abasovanın təşəbbüsü ilə 1984-cü ildə Ş.Məmmədova adına opera studiyasının inşası başa çatdırılıb.

Görkəmli musiqişünas alim Elmira Abasovanın əməyi dövlət tərəfindən həmişə qiymətləndirilib. O, “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib.

Elmira Abasova 2009-cu il fevralın 12-də vəfat edib.

Baxış sayı: 163