XƏBƏRLƏR
MƏLUMAT
Bu gün aktyor, teleaparıcı, rejissor Səyavuş Hüseynlinin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2022 00:32

Səyavuş Kərim oğlu Hüseynli 2 sentyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram teatr və kino aktyorluğu" fakültəsinə daxil olub, 1992-ci ildə universiteti bitirib.

İlk sənət müəllimi görkəmli teatr rejissoru Nəsir Sadıqzadə olub.

1989-cu ildə Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi “Gənclər” teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrın ilk premyerası olan Yusif Səmədoğlunun “Qətl günü” tamaşasında rol alıb.

1993-1994-cü ildə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Pantomim Teatr-Studiyasının əsasını qoyan ilk heyətin aktyoru olub. Sənət müəllimlərindən biri olan Bəxtiyar Xanızadə ilə yaradıcı əməkdaşlığı universitet illərindən başlayıb.

1992-1993-cü illərdə ANS telekanalı ilə əməkdaşlıq edib. Bir sıra əyləncəli proqram və qısametrajlı televiziya filmlərinin yaranmasında aktyor və ssenarist kimi iştirak edib. Məşhur “Tramvay”, “Tramvay 2”, “Çarli Çaplin”, “8 mart” və s. qısametrajlı komediya filmlərində baş rolların ifaçısı və ssenari müəlliflərindən olub.

1996-cı ildə istehsal olunan, A.P.Çexovun hekayəsinin motivləri əsasında çəkilən “Kiçik leytenant” bədii filminin ssenari müəllifi və baş rolun ifaçısı olub.

1997-1999-cu illərdə Space telekanalı ilə əməkdaşlıq edib. Bu müddətdə bir sıra əyləncəli proqramlarda və reklam çarxlarında rejissor, müəllif, aparıcı kimi fəaliyyət göstərib.

1998-ci il noyabrın 3-ü yaranan “SOY production” şirkətinin təsisçilərindən biri və bədii rəhbəri olub. SOY şirkətinin ilk layihəsi olan “Həftə Çal-Çağırı” əyəncəli-informasiya proqramında aparıcı və müəllif olub. 2007-2011-ci illərdə işıq üzü görən “BİZ+” jurnalının baş redaktoru olub.

Səyavuş Hüseynli bir çox reklam çarxlarının, iri miqyaslı tədbirlərin, yubileylərin də rejissoru olub.

Baxış sayı: 587