XƏBƏRLƏR
MƏLUMAT
“Açıq söz” qəzetinin nəşrə başlamasının 105 illiyidir
ÜMÜMİ XƏBƏRLƏR
02/10/2020 03:10

“İqbal” qəzetinin (1912-1915) davamı olan “Açıq söz” qəzetinin əsası 1915-ci il oktyabr ayının 2-də Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulub. “Müsavat” partiyasının rəsmi orqanına çevrilmiş qəzetin ilk sayı “İqdam” mətbəəsində çap edilib.

Qəzetin ilk sayında, sərlövhə altında “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarı və “gündəlik türk qəzetidir” sözləri yazılıb.

“Açıq söz” qəzetinin ilk sayının baş məqaləsi “Tutacağımız yol” adlanır. Müəllifi M.Ə.Rəsulzadə olan yazı bu sonluqla bitir: “Tutacağımız yolda önümüzə çıxacaq olanlara qarşı yeganə vasitəmiz olacaq açıq söz!”.

Qəzetin dolğun və rəngarəng çıxmasında, mövzu genişliyində ədib, jurnalist və ictimai xadimlərdən Nəriman Nərimanov, Əhməd bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli, Sənətullah Eynullayev, Əzim Əzimzadə, Mirzə Bala Məmmədzadə, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Məhəmməd Hadi və başqalarının böyük xidmətləri olub.

“Açıq söz” xalqı milli varlığını və hüququnu qorumaq, milli azadlığa və müstəqilliyə nail olmaq üçün bir fikir və əməl ətrafında birləşməyə, məfkurə birliyinə çağırırdı. Qəzet bu amal və bu qayə ilə milləti oyatmağa başlamışdı. M.Ə.Rəsulzadə bir lider olaraq xalqın düşdüyü ağır vəziyyətdən çıxmaq bacarığını məhz bu qəzetdə nəşr olunan yazılarında ortaya qoyub.

Qəzetin 1918-ci il 15 mart tarixli 702-ci sayında tanınmış jurnalist Sənətullah Eynullayev “S.İbrahim” imzası ilə yazdığı “Dəhşətli saat gəlir, birlik gərək” məqaləsində Bakı faciəsindən 3 gün əvvəl siyasi partiya rəhbərlərini xəbərdar edirdi. Mart hadisələri zamanı qəzet öz fəaliyyətini dayandırmalı olur.

“Açıq söz” qəzeti 1918-ci il 6 oktyabr tarixli 718-ci sayında özündən asılı olmayan səbəblərə görə fasiləyə yol verdiyi üçün oxuculardan üzr istəyərək yazırdı: “Qanlı mart hadisəsi zamanı mətbəəmiz fəhlə şurası və erməni qoşunları tərəfindən talan edilib yandırıldığı üçün qəzetimiz dayandırılmağa məcbur olunmuşdu. 1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən Bakıya köçür, həmin ayın 17- də “Açıq söz” fəaliyyətini bərpa edir. “Azərbaycan dövri mətbuatı. 1832- 1920” kitabında (1987) “Açıq söz” qəzetinin 724 sayının çıxdığı göstərilir. Digər məlumata görə, qəzetin 750-ci sayı işıq üzü görüb.

“Açıq söz” qəzetinin naşirləri və redaktorları müxtəlif vaxtlarda Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc, Qənbər və Abuzər Orucov qardaşları olublar.

Baxış sayı: 818