XƏBƏRLƏR
MƏLUMAT
Tarix Muzeyində bəstəkar, Xalq artisti Eldar Mansurovun şəxsi əşyaları qorunur
ÜMÜMİ XƏBƏRLƏR
28/02/2022 06:57

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bəstəkar, Xalq artisti Eldar Mansurovun şəxsi əşyaları qorunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Muzeyin Sənədli mənbələr fondunda Eldar Mansurovun atasına - tarzən, Xalq artisti Bəhram Mansurova aid fotoşəkillər, digər fondda Bəhram Mansurovun anadan olmasının 105 illiyinə həsr edilmiş zərf, poçt markaları qorunur. Bu materiallar 2016-cı ildə Eldar Mansurov tərəfindən muzeyə hədiyyə edilib.

Eldar Mansurov 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində təhsil alıb. O, “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3 mindən artıq mahnı və instrumental musiqinin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının, Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına və digər mükafatlara layiq görülüb. O, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Baxış sayı: 208