XƏBƏRLƏR
MƏLUMAT
Respublika Gənclər Kitabxanasının əməkdaşları beynəlxalq forumda iştirak ediblər
ÜMÜMİ XƏBƏRLƏR
09/12/2024 11:37

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları Moskva şəhərində keçirilən MDB ölkələrinin II Beynəlxalq Uşaq və Gənclər Kitab Forumunda iştirak ediblər.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Rusiya Dövlət Uşaq Kitabxanasının 55 illik yubileyi çərçivəsində təşkil olunan forumda, həmçinin Azərbaycan, Çin, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan aparıcı kitabxana mütəxəssisləri iştirak ediblər.

Forum çərçivəsində Rusiya Federasiyasının mədəniyyət, elm, təhsil sahələrinin rəsmi nümayəndələrinin iştirakı ilə uşaq və gənclərin mütaliəyə cəlb olunması, bu sahədə aparılan maarifləndirici layihə və təcrübələr, gələcək yerli və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Günay Həsənova forumda “Müasir zamanda uşaq və gənclərin mütaliəyə cəlb olunması üçün tətbiq edilən yeni üsullar” adlı məruzə ilə çıxış edib. Respublika Gənclər Kitabxanasının iş təcrübəsinə əsaslanan məruzədə kitabxananın yaranma tarixi, fond tərkibi, fəaliyyəti, kitabxanada həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib. Kitabxananın rəsmi sayt üzərindən təqdim edilən elektron xidmətləri, virtual ünsiyyət vasitələri, kitabların elektron formata keçirilməsi, sosial şəbəkələrdə aparılan kitab və mütaliə təbliğatı, kitabxanada təşkil edilən tədbirlər, oxu saatları, ustad dərsləri, ekskursiya və müəllif görüşlərindən bəhs edilib.

Günay Həsənova çıxışında müasir dövrdə geniş vüsət almış sosial şəbəkələrdən, telefon və digər elektron vasitələrdən asılılıq fonunda kitabxanalarda ənənəvi xidmətlər ilə yanaşı elektron xidmətlərin göstərilməsi zərurətini vurğulayıb, Gənclər Kitabxanasında uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində görülən işlər – kurs və təlimlər, kitab müzakirələri haqqında danışıb.

Azərbaycan nümayəndə heyəti forum çərçivəsində Avrasiyanın Kitabxanalar Assambleyası tədbirlərində, “Puşkin və Çaykovski: dünya mədəniyyətinin iki dahisi” adlı yaradıcı görüşdə, “Ədəbiyyat dili. Uşaq ədəbiyyatı və mütaliə sahəsində əməkdaşlıq”, “Uşaq mütaliəsinin könüllülərinin beynəlxalq forumu: MDB ölkələrində fəaliyyət göstərən könüllü təşkilatlar tərəfindən uşaqların mütaliəyə cəlb olunması üçün nəzərdə tutulan ən yaxşı təhsil layihələrinin təqdimatları” adlı müzakirələrdə, “Ədəbiyyat: keçmiş və müasir zaman” adlı müsahibədə və digər plenar sessiyalarda iştirak edərək, ölkəmizdə sözügedən mövzularda həyata keçirilən tədbirlər haqqında məlumat veriblər.

Forumun sonuncu günü iştirakçılar üçün Rusiya Dövlət Uşaq Kitabxanasına ekskursiya təşkil edilib.

 

Baxış sayı: 50