XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanlar unudulmur” rubrikasında İsgəndər Aznaurov
ÜMÜMİ XƏBƏRLƏR
16/08/2023 00:19

İsgəndər Söhrab oğlu Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlib. 1963-cü ildə orada məktəbə gedib və 1973-cü ildə məktəbi bitirib. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olub, 1983-cü ildə ali təhsilini başa vurub. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışıb. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb. O, burada cihazqayırma zavodunda işləyib.

Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulub. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıdıb. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirib.

Aznaurov "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunub. Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv edib. 1993-cü il 18 apreldə Gədəbəydə "Örükdaş"da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşub. Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edib.

Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə - döyüşlərin ən qızğın hissəsinə yollanıb. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına həlak olub. Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli 262 saylı Fərmanı ilə baş leytenant İsgəndər Söhrab oğlu Aznaurov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə onun adı verilib. Gədəbəydə “N” saylı hərbi hissənin önündə isə büstü ucaldılıb. Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 nömrəli tam orta məktəb onun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. Şəmkir rayonunda 2 nömrəli tam orta məktəbdə isə onun adına "Xatirə muzeyi" yaradılıb. Muzeydə Aznaurovun həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb.

2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman - Məzahir Rüstəmov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilib. 2018-ci ildə “Yaddaş” film studiyasi "İsgəndərin sorağında" adlı film çəkib.

Baxış sayı: 136