XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanlar unudulmur” rubrikasında Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımov
ÜMÜMİ XƏBƏRLƏR
14/07/2022 00:50

İxtiyar Qasımov 22 mart 1970-ci ildə Ağdam rayonunun Salahlı kəndində doğulub. 1977-ci ildə kənd tam orta məktəbinin birinci sinfinə gedib və səkkizinci sinfədək burada təhsil alıb. İxtiyar 1985-ci ildə Bakıya gəlib və təhsilini kimya-biologiya təmayüllü məktəbdə davam etdirib. Məktəbi uğurla bitirib. O, sənədlərini Gəncə Kənd Təsərrüfatı Akademiyasına verib, aqronomluq fakültəsinə daxil olub və elə ilk kursdan fərqlənməyə başlayıb.

1992-ci ilin yanvarında tələbələr istehsalat təcrübəsinə buraxılıb. O, fürsətdən istifadə edib hərbi komissarlığa müraciət edib. “N” saylı hərbi hissənin 3-cü batalyonunda əlinə silah götürüb. İ.Qasımov döyüşə kəşfiyyatçı kimi başlayıb. Seçdiyi düzgün plan nəticəsində Qazançı kəndində ermənilərin üç PDM-i, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edilib.

İxtiyar Qasımov 15 mayda düşmənin Gülablı kəndinə basqınının qarşısının alınmasında xüsusi olaraq fərqlənir. 14 iyul 1992-ci ildə ermənilər Canyataq kəndinə hücuma keçiblər. Döyüş zamanı əsgərlərimizdən bir neçəsi yaralanıb. İxtiyar onların düşmən əlinə keçməsindən ehtiyat edərək özünü qabağa atıb düşmənlə üzbəüz dayanıb. O, əks-hücumun qarşısını təkbaşına almağa müvəffəq olub. Yaralıları xilas ediblər, İxtiyar isə qəhrəmancasına həlak olub. Salahlı kənd qəbiristanlığında dəfn edilib.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 dekabr tarixli 350 saylı Fərmanı ilə Qasımov İxtiyar Qasım oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Vaxtilə oxuduğu Salahlı kənd tam orta məktəbi onun adını daşıyır.

Baxış sayı: 286