XƏBƏRLƏR
MƏLUMAT
Ölkəmiz Almaniyada beynəlxalq incəsənət sərgisində təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
12/11/2025 14:55

Almaniyanın Frankfurt şəhərində keçirilən, müasir incəsənət sahəsində nüfuzlu beynəlxalq tədbirlərdən hesab edilən “Discovery Art Fair” sərgisində azərbaycanlı rəssam və heykəltaraşların da əsərləri uğurla təqdim olunub.

AZƏRTAC xəbər verir ki, sərgidə iştirak Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və “İsmayılov Qalereyası”nın birgə təşkilatçılığı ilə baş tutub.

Bir sıra ölkələrdən 120-dən çox qalereya və yaradıcı şəxsin qatıldığı sərgini minlərlə sənətsevər ziyarət edib.

Rəssamlar Fərid İsmayılov və Rəşad Mehdiyev, heykəltaraşlar İlqar Şeydayev, Kamran Əsədov, Namiq Hüseynov və Kənan Əliyevin 30-a yaxın sənət əsəri tamaşaçıların və kolleksiyaçıların böyük marağına səbəb olub.

“Discovery Art Fair” sərgisində iştirak ölkəmizin müasir incəsənətinin beynəlxalq səviyyədə tanıdılması, rəssam və heykəltaraşlarımızın yaratdığı sənət əsərlərinin dünyada təbliği, Azərbaycanda yaradıcı sənayenin inkişafı və mədəni diplomatiyanın güclənməsi baxımından əhəmiyyət kəsb edir.

Baxış sayı: 16