XƏBƏRLƏR
MƏLUMAT
“Müqtədir sənətkarlarımız" - Xalq artisti Ağasadıq Gəraybəyli
ÜMÜMİ XƏBƏRLƏR
15/03/2021 01:25

Ağasadıq Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda bəy ailəsində anadan olub.

Ağasadıq Gəraybəyli ömrünün ixtiyar çağında ötən günləri xatırlayaraq deyərdi: "1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə "gəl-gəl" deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda Yaradanımız imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: "Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən". Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. "Gəl görüm, nə istəyirsən?" Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: "Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib". Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam".

Ağasadıq Gəraybəyli aktyorluq məharətini 80 il səhnədə sübut edib. 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndər rolunu oynayıb. 1932-ci ilə kimi burada çalışıb.

Kino sənətinə də 1920-ci illərdən gəlib. İlk dəfə "Qız qalası" səssiz filmində (Əyan) epizodik obrazı oynayıb. Sonra "Hacı Qara"da Əsgər bəy rolunu oynayır. Cəfər Cabbarlı "Sevil" filmində Balaş rolunu məhz ona həvalə edir. Ağasadıq Gəraybəyli 1916-cı ildə Politexnik Məktəbinə daxil olan vaxtlardan Cəfər Cabbarlı ilə tanış olur. Sonralar aktyor Tənqid və Təbliğ Teatrından Akademik Milli Dram Teatrına keçir. İyirminci ildən aktyor kimi Milli Dram Teatrının yenicə təşkil olunmuş truppasında çalışıb. Akademik Teatrda daha çox faciəli rollara üstünlük verib.

Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəylinin adı çəkiləndə ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı. Deyərdi: "Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. "Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır" - dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: "Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir".

Milli teatrımızın klassiklərindən, fədailərindən biri olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinə aid faktları xatırlayanda heyrətlənməyə bilmirik. O, 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəylinin "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar"... Yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb. Ona görə ki, aktyor təkcə müəllif fikirlərinə, rejissor quruluşlarına, mizanlarına görə səhnəyə çıxmayıb, oynamayıb. Həm də əsərin mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini dərk edib. Hər bir obrazın amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışıb. Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb. Görkəmli teatr xadimi Mehdi Məmmədov deyərdi: "Aktyorluq onun alın yazısıydı. 1940-cı ildə Respublikanın Xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi". Xalq artisti, ömrünün 60-cı baharında dünyasını dəyişmiş Əliabbas Qədirov danışardı: "İnstitut bitirmək, ali təhsil almaq azdır. Həyat təcrübəsinin yerini heç bir diplom, kitab verməz.

Ağasadıq Gəraybəyli bizim mənəvi müəllimimiz idi. Onun qədrini bildikcə özümüz də şöhrət zirvəsinə ucalırdıq".

Unudulmaz sənətkar, sevilən aktyor haqqında xoş xatirələr çoxdur. Dünya şöhrətli ifaçı Rəşid Behbudov deyərdi: "Bəxtiyar" filmində çəkiliş meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o, insan kimi də, aktyor kimi də əsl xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı elə həvəslə oynayırdı ki, sanki kamera qarşısında deyildi, ekranda görünənlər real təsvirlər təki baxılırdı".

92 il yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülüb. Ən böyük sevinci "O olmasın, bu olsun" filmində Rüstəm bəy rolunu oynamaq idi.

Aktyor Rüstəm bəy obrazının taleyini - həm keçmişini, həm də mövcud vəziyyətini olduqca inandırıcı yaradıb. Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd edib: "Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı".

Ağasadıq Gəraybəyli təvazökar insan, nümunəvi ailə başçısı idi. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olub.

Ağasadıq Gəraybəyli 1988-ci il dekabrın 5-də Bakıda vəfat edib.

Həyatın, zamanın bütün sınaqlarından üzü ağ çıxmış insan, dönə-dönə xatırlanan sənətkar, örnək olası ailə başçısı, sadiq, sədaqətli dost-sirdaş Ağasadıq Gəraybəyli xarakterik rolların bənzərsiz ifaçısı kimi daim yad olunur.

Baxış sayı: 789