XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar incəsənət xadimi Gülarə Əliyeva doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
17/11/2023 16:22

Azərbaycan mədəniyyətinin sönməz ulduzu, tanınmış musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi, Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın bu gün 90 yaşı tamam olur.

Gülarə Əziz qızı Əliyeva 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində, eləcə də Əhsən Dadaşov adına Xalq çalğı alətləri ansamblında çalışıb.

1968-ci ildə klassik və xalq çalğı alətlərinin sintezindən ibarət “Dan ulduzu” ansamblını yaradıb və ömrünün sonuna kimi rəhbərlik edib. Bu ansamblla Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və digər xarici ölkələrdə çıxış edib. Eyniadlı muğamlar əsasında “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir. Ansambl üçün bir sıra xalq mahnısını aranjeman edib.

Gülarə xanımın rəhbərlik etdiyi ansamblın mühüm özəlliklərindən biri də böyük müğənni və musiqiçi nəslinin sənətə ilk addımlarını məhz buradan atmasında və sonradan böyük sənətkar kimi yetişməsindədir. Bütün bunlar Gülarə Əliyevanın daim istedad sorağında olmasından və rəhbərlik etdiyi kollektivin üzvlərinə, onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə diqqətindən irəli gəlir.

“Bəstəkar Fikrət Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1966-1989-cu illərdə M.Əliyev adına İncəsənət İnstitutunun Musiqi nəzəriyyəsi kafedrasının müdiri, o cümlədən İnstitutun Elmi Şurasının üzvü olub.

Həkim Əziz Əliyevin qızı, oftalmoloq-akademik Zərifə Əliyevanın, endokrinoloq Tamerlan Əliyevin və onkoloq Cəmil Əliyevin bacısıdır. Ulu Öndər Heydər Əliyevin baldızıdır.

Gülarə Əliyeva tanınmış kulturoloq Adil Adilovla evli idi. 2 övladı var.

Gülarə xanım 1991-ci il iyulun 27-də faciəli şəkildə vəfat edib.

Ölümündən sonra “Dan ulduzu” ansamblına onun adı verilib. Gülarə Əliyevanın 80 illik və “Dan ulduzu” ansamblının 50 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Baxış sayı: 215