XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub
ÜMÜMİ XƏBƏRLƏR
11/12/2024 15:19

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev ilə görüşüb. Baş katibi salamlayan nazir Azərbaycan-TÜRKSOY əməkdaşlığının ildən-ilə inkişaf etdiyini, ölkəmizin bu qurumla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

Söhbət zamanı təşkilatın cari ildəki fəaliyyətinə nəzər salınıb, həyata keçirilən çoxsaylı birgə uğurlu layihələrdən məmnunluq ifadə olunub. Görüşdə 2025-ci ildə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb. Gələn il II Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsinin əhəmiyyəti qeyd edilib. 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşa şəhərində keçirilən ilk forum (13-14 oktyabr) qardaş xalqlar arasında mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından diqqətəlayiq layihə kimi dəyərləndirilib.

Bundan əlavə, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə müştərək animasiya filmlərinin çəkilməsinin önəmi vurğulanıb. Monqolustan Respublikasının TÜRKSOY-a müşahidəçi üzv kimi qəbul olunması ilə bağlı da fikir mübadiləsi aparılıb.

Baxış sayı: 29