XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan televiziya və radiosunda neçə-neçə nəsli səsinin sehrinə salan Xalq artisti Ofeliya Sənaninin 80 illiyidir
ÜMÜMİ XƏBƏRLƏR
26/05/2021 01:16

Ofeliya Hacağa qızı Sənani 1941-ci il may ayının 26-da Bakı şəhərində anadan olub.

1959-cu ildə hələ 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. Daha sonra ADU-nun (indiki BDU) filologiya fakültəsinin axşam şöbəsində ali təhsil alıb.

1959-1975-ci illərdə bir sıra radio tamaşalarında baş rolları səsləndirib. Ofeliya Sənani 1975-ci ildə televiziyada diktor kimi fəaliyyətə başlayıb və 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülüb.

Eyni zamanda 1960-1990-cı illərdə "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını - "Yeddi oğul istərəm" (1970 - Humay), "Gün keçdi" (1971 – Əsmər), "Tütək səsi" (1978 - İsmət), "Qaynana" (1978 - Sevda) və b. qəhrəmanları səsləndirib.

Bir neçə filmdə rol alıb - "Dağlarda döyüş" (1967), "Sahil bağı" (1967), "O qızı tapın" (1970), "Ulduzlar sönmür" (1971) və s. bədii filmlərində, "Mücrü" (1973), "Bakı bulvarı" və s. televiziya filmlərində çəkilib.

Ofeliya Sənani Azərbaycan efir məkanında diktor məktəbinin aparıcı şəxsiyyətlərindən biri kimi yeni diktor nəslinin yetişməsində böyük rol oynayıb.

Azərbaycan televiziyasında Ofeliya xanımın Davud Əhmədovla birlikdə apardığı "Səhər görüşləri", müəllifi və aparıcısı olduğu müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş saysız proqramlar, xüsusilə radioda uşaqlar üçün "Biləyən" proqramında uzun illər Savalan baba – qocaman aktyor Sadıq Hüseynovla birlikdə səsləndirdiyi Biləyən obrazı tamaşaçı və dinləyicilərin estetik zövqünün formalaşmasında, bədii duyumunun artmasında və vətənpərvərlik ruhunun tərbiyəsində böyük rol oynayaraq xatirələrdə yaşayır. Onun ifasında neçə-neçə audio nağıllar hazırlanıb. Azərbaycan televiziya və radiosunun Qızıl fondunda isə onun səsi ilə yazılan müxtəlif mövzulu yüzlərlə veriliş var.

Ölkəmiz üçün ən ağır dönəmlərdə, milli-azadlıq hərəkatının yüksəlişi dövründə, 20 Yanvar faciəsi ərəfəsində və televiziyanın fəaliyyəti bərpa edildikdən sonra canlı yayımlarda ziyalılarımızla apardığı verilişlər, müsahibələr Ofeliya xanımın vətəndaş mövqeyinin təcəssümüdür. Şəhidlərimizə, Qarabağda işğal olunmuş ərazilərimizə, Xocalı faciəsinə həsr olunmuş proqramlarda çıxışları heç vaxt unudulmayacaq.

Kütləvi informasiya vasitələrinin mühüm qollarından biri olan Milli Televiziyanın inkişafındakı xidmətlərinə görə Ofeliya Sənani 1975-ci ildə "Əməkdar artist", 1991-ci ildə isə "Xalq artisti" fəxri adlarına, 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Fərdi təqaüdə layiq görülüb.

Ofeliya xanımı yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Baxış sayı: 356