XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Milli Kitabxanası Özbəkistanda keçirilən Beynəlxalq Konqresdə təmsil olunur
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2025 09:08

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü çərçivəsində Özbəkistanın Daşkənd şəhərində “Mərkəzi Asiya və Azərbaycanda mənəvi irs və maarifçilik” mövzusunda Beynəlxalq Konqres keçirilir.

Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, Mərkəzi Asiya ölkələrinin mənəvi dəyərlərə sadiqliyini ifadə edən, mədəniyyətlərarası dialoqun inkişafına və humanitar əməkdaşlığın möhkəmlənməsinə töhfə verən universal platforma rolu oynayan Konqres Özbəkistan İslam Sivilizasiyası Mərkəzi, Xarici İşlər Nazirliyi, Özbəkistanın Mədəni İrsin Öyrənilməsi, Qorunması və Təbliği üzrə Ümumdünya Cəmiyyəti (WOSCU), Özbəkistan Elmlər Akademiyası və Mərkəzi Asiya Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə baş tutur.

Noyabrın 13-də Özbəkistan İslam Sivilizasiyası Mərkəzində Konqresin açılış mərasimi, Mərkəzin muzey ekspozisiyaları, həmçinin Beynəlxalq Platforması və Xəttatlıq Məktəbi ilə tanışlıq olub.

Konqres Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakçılara müraciəti ilə başlayıb, ölkəmizin və Mərkəzi Asiya ölkələrinin mədəniyyət nazirlərinin, müftilərinin, Elmlər akademiyalarının prezidentlərinin, milli muzey direktorlarının, gənclərlə iş şöbələrinin, “Mədəniyyət” telekanallarının, rəssamlıq akademiyalarının, milli kitabxanalarının, yazıçılar və bəstəkarlar birliklərinin rəhbərlərinin iştirakı ilə plenar iclaslar şəklində davam edib.

Plenar iclasda Azərbaycan kitabxanaları adından Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edib və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, Konqres noyabrın 16-dək davam edəcək.

 

Baxış sayı: 25