az
Bütün xəbərlər

Hamlet İsaxanlı: “Hər bir işimdə ahəng yaratmağa can atıram”

29-07-2009, 14:47
Hamlet İsaxanlı: “Hər bir işimdə ahəng yaratmağa can atıram”


Alim, şair Hamlet İsaxanlı ilə müsahibə

- Siz böyük elmi potensiala malik olan geniş əhatəli alim, saysız-hesabsız kitabların müəllifisiniz. İndiki zamanda uşaqlara “Böyüyəndə kim olmaq istəyirsən?” sualı ilə müraciət etsələr çətin ki, “Alim!” cavab verən tapılsın. Bəs Hamlet müəllim uşaqlıqda nəçi olmaq istəyib?

- Mən Gürcüstanda doğulmuşam. Məktəb illərində ədəbiyyatı çox sevirdim və məndə hər bir sahəyə, hər bir məktəb fənninə qarşı bir ehtirasım var idi. Peşə seçiminə gəlincə, mən çox çətinlik çəkirdim, çünki bir tərəfdən mən dəqiq elmləri çox sevirdim, xüsusilə riyaziyyatı, və hamı mənin bu fənn üzrə qabiliyyətli olduğumu vurğulayardı, digər tərəfdən isə mən ədəbiyyatı çox sevirdim və bu fənn mənim qarşımda çoxlu bilik mənbələri açırdı. Mən də bütün uşaqlar kimi fikrimi çox tez-tez dəyişirdim. Bu normal bir haldır. Amma qərara gəlmişdim ki, hansı sahəyə yiyələnməyimdən asılı olmayaraq mən o sahənin alimi, peşəkarı olacam. Bu qənaətə, oxuduğum əsərlərdə alimlərə olan pərəstiş və hörməti biləndən sonra gəldim. İkincisi bizim ailədə də elmə, alimlərə çox böyük rəğbət var idi. Biz məktəbdə oxuyanda müəllimlərimiz idmançılardan və incəsənət xadimlərindən daha çox, məhz alimlərdən nümunə götürməyi tövsiyə edərdilər. Və o zaman kəndimizdə yetişən alimlərə xalqın bir qəhrəmanı kimi baxırdılar.

- İlk yazdığınız şeirin tarixçəsini danışa bilərsinizmi?

- İlk şeirlərimi 3-4-cü sinifdə yazmağa başlamışdım. Həmin şeirlərdə gördüyüm, eşitdiyim hadisələr əks olunurdu. Ailəmizdə hansısa bir insanın itkisi mənə təsir edirdi və bu təsir də şeirlərimdə öz əksini tapırdı. Səməd Vurğun, Mikayıl Müşfiq, Molla Pənah Vaqif və bir sıra şairlərimizin poeziyasına, əsərlərinə müraciət edib, bəhrələnirdim. Mən 6-cı sinifdə oxuyanda çox qalın iki şeir dəftərim var idi. Bir gün ədəbiyyat müəlliməm həmin şeirləri oxudu, onları həddindən artıq bəyəndi. O, onları peşəkar yazıçılara, alimlərə göstərmək istəyəndə, mən dəftəri onun əlindən alıb gizlətmişdim. Çünki az yaşım olmağıma baxmayaraq müəyyən dünya görüşünə malik idim və anlayırdım ki, nə qədər o şeirlər gözəl olsalar da, onları uşaq yazdığını anlayacaqlar. Və mən onların çap olmasını istəmirdim. Anlayırdım ki, bu Səməd Vurğunun, Müşfiqin şeri deyil. Bu günə qədər hər bir işimdə ahəng yaratmağa can atıram və hər bir detala fikir verirəm, nöqsansızlığı sevirəm, bu da mənim riyaziyyatçı olmağımdan irəli gəlir.

- Bəstəkarlarla əməkdaşlarınız necə başladı?

- Mən görkəmli bəstəkarlarımız olan Vasif Adıgözəlov və Ramiz Mustafayevlə yaş fərqimiz olmağına baxmayaraq dost idik. Bir gün üçümüz bir araya yığışmışdıq. Mən təməlini qoyduğum “Xəzər” universitetinin himnini yazmaq üçün bəstəkarlar arasında müsabiqə elan etmək istədiyimi rəhmətlik Vasif Adıgözəlova bildirdim. O vaxtlar o, Bəstəkarlar İttifaqının sədri idi və soruşdu ki, sözlər kimə məxsusdur. Mən də özümə aid olduğunu söylədim. Bir müddət sonra Vasif müəllim mənə Ramiz Mustafayevlə birgə himni yazacaqlarını söylədi. Həmin himni Azərbaycan Dövlət Simfonik orkestri səsləndirdi və Azərbaycan Dövlət Xoru da ifa etdi. Mənim həyat yoldaşım Nailə İsayeva gözəl musiqiçidir. Bir dəfə onun ad günündə ona gedib hədiyyə almağa tənbəllik etdim. Onun üçün elə evdə “Sadəcə çox sevdim səni” şeirini yazıb verdim. Hiss etdim ki, həyat yoldaşım şeiri çox bəyəndi və sabahısı günü həmin şeirə özü musiqi bəstələdi. Düz altı ay mahnını heç kəsə vermədi və bir məclisdə İlqar Muradovu dinləyib mahnını məhz bu zərif səsli ifaçıya verdi. Siyavuş Kərimi mahnının aranjemanında kömək etdi.

- Deyirlər ki, riyaziyyatı bilməyən insan istedadsızdır. Bu fikirlə razısınızmı? Sizə daha çox riyaziyyat elmi, yoxsa poeziya yaxındır?

- Riyaziyyat həddindən artıq dərin və gözəl bir elimdir. Bu elmin gözəlliyini onunla məşğul olanlar başa düşür, kənardan müşahidə edənlər deyil. Amma o fikirlə razı deyiləm ki, riyaziyyatı bilməyən savadsız və istedadsızdır, yaxud da hansısa bir ixtisasın görkəmli nümayəndəsi ola bilməz. Ölçü, hesab və qiymətləndirmə hər bir insana lazımdır. Amma tutaq ki, rəssam riyaziyyatı bilməsə də gedib gözəl rəssam ola bilir. A. S. Puşkin söyləyirdi ki, mən riyaziyyatdan heç nə bilmirəm və bilmək də istəmirəm. Amma bu ona böyük şair olmağa heç də mane olmadı. Mənə poeziyanın və yaxud da riyaziyyatın mənə daha yaxın olması sualına qalınca, bilirsiniz insanın bir neçə övladı ola bilər və onların hamısı da ona əziz və doğma olacaq.

- “Xəzər” universitetində tələbələrin ixtisasından asılı olmayaraq incəsənətin hər bir növü ilə məşğul ola bilirlər. Onların fənn seçimi necə baş verir?

- Bizim Universitetdə başqa universitetlərdən fərqli olaraq, ixtisasından asılı olmayaraq iki fənni hamı keçir: “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan mədəniyyəti”. İkincisinə musiqi mədəniyyəti, xalçaçılıq, zərgərlik də daxildir. Təsəvvür edin
ki, tələbələr bir otaqda xalça toxuyur, o biri otaqda isə qızıl zinət əşyaları düzəldirlər. Bizim rəqs ansamblımız bütün dünyanı gəzir-dolanır. Muğam sinfində Arif Babayev dərs deyir. Yəni seçim azaddır, kimə nə yaxındır onu da seçir.

- “Hər şey çox olduqda ucuz olur, bircə ağıldan başqa”. Heç ağıllı olduğunuza görə zərər çəkmisinizmi?

- Ağlıma görə heç zaman zərər çəkməmişəm, amma hisslərimə, emosiyalarıma görə çəkmişəm. Fikirlərimi gizlədə bilmədiyimə görə işlərim ləngiyib. Elə vaxt olub gözləyiblər ki, mən həmin an susum, mən danışmışam, və yaxud da əksinə gözləyiblər ki, danışım, mən susmuşam. Bu da ağlımdan yox, xasiyyətimdən irəli gəlir ki, həmin xasiyyətim məni çətin vəziyyətlərə salıb.

Sevinс İsmayıl
Oxunma sayı :