“İlin işgüzar xanımı” yeni zirvələri fəth edir
- Xoş gördük, Gülnarə xanım! Bu il sizin üçün böyük uğurlarla başladı. Bir neçə səfərləriniz baş tutdu. Müxtəlif mükafatlara layiq görüldünüz. Bu xəbərləri daha ətraflı bizimlə bölüşə bilərsinizmi?
- Bu il mənim üçün yadda qalan hadisələr və uğurla başladı. İki mükafata: “İlin işgüzar xanımı”, və mətbuatın 135 illiyi ilə bağlı verilən “Mətbuatın dostu” mükafatına layiq görüldüm. Konsertlərə gəlincə, iki layihədə işlədim. Mart ayında Əməkdar artist Simarə İmanovanın Filarmoniyada keçirilən konsertində geyindiyi libasları mən hazırlamışdım. Və may ayında Heydər Əliyev adına Sarayda Əməkdar artist Tünzalə Ağayevanın solo konserti təqdim olundu. Bu konsertdə isə mən bütün musiqi heyətinin libaslarının müəllifi idim. Uğurlarım haqqında isə ilk dəfə olaraq sizə açıqlama verəcəyəm.
Fevral ayında bir beynəlxalq təşkilatdan, özəlliklə Rövşən Muradovdan gözəl bir təklif aldım. Misirdə İsgəndəriyyə kitabxanasında Azərbaycan guşəsi açılırdı və mənə milli bir libasımın bu guşədə yer almağını təklif etdilər. Və mən çox böyük məmnuniyyətlə milli libaslarımdan birini hədiyə olaraq həmin kitabxanaya göndərdim. Geyim orada çox gözəl qarşılandı. Və cavab olaraq Qadınların Beynəlxalq Sülh Hərəkatının Fondunun sədri, Süzanna Mübarəkdən təşəkkür məktubu aldım.
Aprel ayında 100 illik yubileyi ərəfəsində Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yenicə fəaliyyətə başlayan Yaradıcılıq Studiyasının “Təbəssüm” rəqs kollektivi Türkiyəyə yola düşdü. Bütün dünyaya yayımlanan TRT-nin xətti ilə 32-ci dəfə düzənlənən Beynəlxalq Cocuq Festivalında bu dəfə bizi Azərbaycan Respublikası Musiqili Komediya Teatrının ən balaca artistləri təmsil etdilər. Dünyanın ən müxtəlif meridianlarından gələn çocuqlar bayram günlərində Ankaraya uçdular, TRT rəhbərliyi, Türkiyə Parlamentinin üzvləri, Baş Nazir Rəcəb Tayyib Ərdoğan və hətta Prezident Abdullah Güllə görüşdülər. Rəqs qrupunun kiçik üzvü Vaqif, Baş Nazir Rəcəb Tayyib Ərdoğan Prezident Abdullah Gülə mənim hədiyə kimi hazır etdiyim “İçəri şəhər” kompozisiyasını təqdim etdi. Qeyd etmək istəyirəm ki, Vaqifin kostyumunu da mən hazırlamışdım.
Bu ilin mart ayında, Çində Beauty Fashion World 2010 gözəllik müsabiqəsi ənənəvi olaraq keçirildi. Və mənə Dünya Gözəllik Konqresinin Prezidenti və Azərbaycan Moda Assosiasiyasının Prezidenti Zamir Hüseynov tərəfindən, Azərbaycanı bu müsabiqədə təmsil edəcək İradə Balaxanovanın libaslarının hazırlanmasını təklif etdilər. Mən məmnuniyyətlə bu təklifi qəbul etdim. Çox sevindirici haldır ki, İradə mənim “Toxunma” kolleksiyamdan olan paltarla “Ən gözəl ziyafət paltarı” nominasiyası üzrə mükafatlandırıldı. Ümumiyyətlə dünyada əl işinə çox böyük dəyər verirlər. Və bu paltar jürinin diqqətini cəlb etdi.
- Səhv etmirəmsə səfərdən yenicə qayıtmışsınız. Ankara səfəriniz necə keçdi?
- Bəli, mən Ankarada Beynəlxalq Ənənəvi Moda Nümayişində və sərgisində iştirak etdim. Həmin tədbir Beynəlxalq Geyim Mədəniyyəti Assosiasiyası, Türkiyənin Ankara Olqunlaşma, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Koreyanın Ankaradakı Səfirliyi, Türkiyə Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatı ilə reallaşdı. İşlərim yenə də çox böyük diqqət və marağa səbəb oldu. Tədbirdə Cənab Park Türkiyə - Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri , Li Sang- Çin Ənənəvi Geyim və Mədəniyyət İnstitutunun direktoru, TBMM -nin millət vəkili Şövket Gürsoy və Koreyanın Türkiyədəki səfiri iştirak edirdilər. Tədbir çərçivəsində keçirilən konfransda bir neçə ölkənin nümayəndələri, həmçinin Azərbaycan nümayəndələri çıxış etmə hüququnu qazandılar. İki jurnal çap olundu və jurnallarda mənim çıxışım və hazırladığım libasların şəkilləri yer aldı.
Sevinc İsmayıl































