TÜRKSOY Gənclər Evi Orkestri avqustun 2-də Türkiyə Dövlət Rəsm Muzeyində çıxış edəcək, avqustun 4-də isə Aya İren kilsəsində Birinci İstanbul Beynəlxalq gənclik orkestrləri festivalına qatılacaq. TÜRKSOY Gənclər Evi Orkestri, təşkilatın baş katibi Düsen Kaseinovun xüsusi dəstəyi ilə yaradılıb və orkestrdə türk dünyası ölkələrindən 21 musiqiçisi, o cümlədən Azərbaycandan Nigar İbrahimova, Mustafa Mehmandarov və Üzeyir Mahmudbəyli var. Bu mədəniyyət layihəsinin həyata keçirilməsində əsas məqsəd türkdilli ölkələrin musiqi potensialının dünya klassik musiqisi ilə sintezi, türk dünyası musiqisinin ən gözəl nümunələrinin təbliğidir. Orkestrin şefi Qazaxıstandan olan uyğur mənşəli maestro Ənvər Əkbərovdur. İlk konsert proqramına türk dünyasının görkəmli bəstəkarları - Q.Qarayev, S.Mədətova, T.Kajqaliyeva ilə yanaşı, İ.S. Baxın, A. Şnitkenin, D.Şostakoviçin əsərləri də daxil edilib. Qeyd edək ki, türk dünyasının gənc musiqiçiləri Almaniyada Beynəlxalq Bayrot incəsənət festivalında iki konsert verəcəklər.
baku-art.az































