Avropada ən mötəbər musiqi sənəti festivallarından biri olan Münxen festivalında bu il 36 dövlətin musiqiçiləri iştirak edir.
Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın verdiyi məlumata görə, teatrın simfonik orkestri bu festivalın Qrand-final konsertində iştirak etmək şərəfinə layiq görülüb. Konsertdə bir sıra tanınmış vokalçılarla yanaşı, həm də məşhur dirijorlar Xose Kallada (İspaniya) və Korneliya Kerssenbrofk (Almaniya) iştirak edəcək.
Avqustun 8-də keçiriləcək Qrand-final konsertində dünyanın ən tanınmış bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları- Ü.Hacıbəyli, Q.Qarayev və P.Bülbüloğlunun əsərləri də ifa olunacaq. Konsertdə orkestri Korneliya Kerssenbrofk və Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəklər.
baku-art.az































