Tanınmış pianoçu Gülarə Əliyevanın xatirəsi anılıb

İstedadlı pianoçu, Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın "Dan ulduzu" instrumental ansamblının üzvləri iyulun 27-də görkəmli pianoçunun məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anıblar. Gülarə Əliyeva 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışıb.

1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblına rəhbərlik edib. İstedadlı pianoçu eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyasının, "Humayun" süitasının, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir. Gülarə Əliyeva 1991-ci ildə dünyasını dəyişib. Təsis etdiyi ansambla vəfatından sonra onun adı verilib.

baku-art.az