Gürcüstanın Rustaveli teatrının rejissoru Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşa hazırlayacaq

Tiflis Rustaveli teatrının rejissoru Qoça Kapanadze Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşa səhnələşdirmək üçün Bakıya dəvət olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, gürcü rejissoru Azərbaycan teatrında A. Saqarelinin "Xanuma" əsərini tamaşaya qoyacaq. Bu tamaşa beynəlxalq layihə kimi Azərbaycan və rus dillərində səhləşdiriləcək.

Qoça Kapanadze Gürcüstanın tanınmış rejissorları sırasına daxildir. Tamaşanın quruluşçu rəssamı Ana Ni Nua və geyim rəssamı Lomqul Murusidze də Gürcüstandan dəvət olunublar. Yaradıcı qrupa xalq artisti, rəqqasə Təranə Muradova, əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov da daxildir. Tamaşaçılar Xanuma rolunda hər iki dildə Azərbaycanın xalq artisti Afaq Bəşirqızını görəcəklər. Başqa əsas rollarda isə xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Boris Qrafkin, Xanım Qafarova, Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlar Nərgiz Kərimova, Fərid Əliyev, Ramil Qasımov, İzabella Şvets, Emil Heydərov, Ülviyyə Əliyeva, Nahidə Orucova, Svetlana Bulax, Əliməmməd Novruzov, Əzizağa Əzizov, Marina Litvinenko və başqaları çıxış edəcəklər. Tamaşanın məşqlərinə sentiyabrın 1-dən başlanması nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı bu il 100 illik yubileyini qeyd edir.

baku-art.az