“Bakı gecələri – 2009”

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi Mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi, beynəlxalq müsabiqələrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması və estrada mahnı janrının inkişafını rəhbər tutaraq “Bakı gecələri – 2009” estrada mahnı müsabiqəsini təqdim etdi. Müsabiqədə iştirak etmək üçün müəlliflər 2009-cu ildə bəstələnmiş 63 mahnı təqdim etdi. Müsabiqəyə təqdim edilmiş mahnılar arasında Tahir Əkbər, Murad Arif, Elçin İmanov, Yalçın Məlikov kimi tanınmış bəstəkarların musiqi əsərləri yer almışdı. “Bakı gecələri” estrada mahnı müsabiqəsinin final mərhələsi R. Behbudov adına Mahnı teatrında keçirildi. Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş mahnılardan yalnız 25-i final mərhələsinə vəsiqə qazanmışdı.

Münsiflər heyətinə Respublikanın xalq artisti Mübariz Tağıyev, əməkdar bəstəkar, müəllim Oqtay Rəcəbov, əməkdar artist Azad Şükürov, “Ulduz” jurnalının redaktor müavini Qulu Ağsəs, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlər və gənclərlə iş sektorunun müdiri Mənzər Nurəliyeva daxil idi.

Müsabiqənin Qala-konserti və qaliblərin mükafatlandırma mərasimi Heydər Əliyev Sarayında baş tutdu. Qeyd edək ki, Qala-konsertdə münsiflər heyəti tərəfindən seçilən 17 finalist çıxış etdi:

1. “Qala” qrupu – “Dünya və qala”
2. İntizar Məmmədov – “Səni gözləyirəm”
3. Leyla Rəhimova – “Əlvida”
4. Zamiq Hüseynov – “Sən necə də gözəlsən”
5. Vüsal Hacıyev – “Gecikmiş etiraf”
6. Natəvan Həbibi və İntizar – “Sevdiyini söylə”
7. İlkin Əhmədov - “Mənə zəng çal”
8. Ariz Hüseynov – “Yolunu gözləyirəm”
9. Emil Bədəlov – “Kim dedi”
10. Xəyalə Manaflı – “Sevgim səndən də gözəldi”
11. “N-Brothers” – “Sevirəm”
12. Ələkbərli Natiq – “Sənin gözlərin”
13. Ayaz Qasımov – “Şokolad”
14. Miriş Hüseynov – “Gecələr ulduzlu səmaya boylan”
15. Mirkamil Mirkamilov – “Unutdun”
16. Vüqar Muradov – “Tilsim”
17. Xəyyam Nisanov – “İstidi”

Daha sonra mükafatlandırma mərasimi keçirildi. Xatırladaq ki, qaliblər 4 nominasiya üzrə müəyyən edildi. Belə ki, “Ən yaxşı ifa” nominasiyasında “N-Brothers” (“Sevirəm” mahnısı ilə), Ayaz Qasımov (“Şokolad”) və Xəyyam Nisanov (“İstidi”), “Ən yaxşı bəstəkar” nominasiyasında Ceyhun Əliyev (“Dünya və qala” mahnısına görə), Tahir Əkbər (“Əlvida”) və Aygün Səmədzadə (“Gecikmiş etiraf”), “Ən yaxşı şair” nominasiyasında Rövşən Nicat (“Səni gözləyirəm” mahnısına görə), Xuraman Vəfa (“Yolunu gözləyirəm”) və Vahid Əziz (“Mənə zəng çal”), “Ən yaxşı aranjeman” nominasiyasında İsmayıl Əsədov (“Sən necə də gözəlsən” mahnısına görə), Emin Kərimi (“Kim dedi”) və Nazim Əhmədov (“Sənin gözlərin”) mükafatlarla təltif edildilər. Qran-priyə isə Natəvan Həbibi və İntizar – “Sevdiyini söylə” mahnısına görə layiq görüldülər. Qeyd edək ki, mahnının sözləri və bəstəsi Murad Arifə, aranjemanı isə Qiviyə məxsusdur.

baku-art.az