az
Bütün xəbərlər

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabının təqdimatını keçirib

15-03-2019, 15:25
 Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabının təqdimatını keçirib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın müəllifi olduğu “Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabının təqdimatı keçirilib.

İlk öncə tədbiri giriş sözü ilə ədəbiyyatşünas-tənqidçi, AYB-nin üzvü Əsəd Cahangir açaraq, Musa Nağıyevin xidmətlərindən, onun Azərbaycan xalqına sonsuz sevgisindən danışıb. Milli Məclisin deputatı, professor Elman Nəsirov kitabın vacibliyini qeyd edərək, onun qəhrəmanının təhsilə qayğı və diqqətlə yanaşmasından və Bakıda Real məktəbi açdığından danışıb. O, M.Nağıyevin ölkəmizin səhiyyəsinə də xüsusi vəsaitlər ayırmasını qeyd edib.

Kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı kitabda maraqlı materialların olmasını vurğulayıb. Veteran teleaparıcı, Xalq artisti Ofeliya Sənani hər bir insanı vətənə sevgi hissi ilə yaşamağa çağırıb. Hüquq elmləri doktoru, professor Yəhya Əliyev kitabın böyük türk dünyasına xidmət etdiyini vurğulayaraq, müəllif D.Nağıyevaya Türk Xalqları Ümumdünya Konqresinin Fəxri fərmanını təqdim edib.

Fəxrəddin Meydanlı Musa Nağıyevin bəsirət gözü ilə dünyaya baxdığını bildirib, onun idarəçilik bacarığını vurğulayıb, D.Nağıyevanın yorulmaz əməyinə yüksək qiymət verib və Bəxtiyar Vahabzadənin “Barmaq” şeirini söyləyib.

Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova tədbir iştirakçılarını salamlayaraq, qeyd edib ki, “Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabı qısa zaman ərzində oxucular tərəfindən sevilib, bu günə olan məlumata əsasən, kitabın elektron variantı 228 dəfə oxunub. O, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda D.Nağıyevanın 3 kitabının yerləşdirilməsi haqqında məlumat verib və oxucuların kitaba böyük marağını nəzərə alaraq, kitabın rus və ingilis dillərinə tərcümə olunmasını təklif edib. L.Məmmədova M.Nağıyevaya Kitabxananın Fəxri oxucusu kimi Fəxri fərman təqdim edib.

AYB-nin Cənub şöbəsinin müdiri Salman Aruz milyonçunu təfəkkür və düşüncəsinə görə ziyalı adlandırıb və qeyd edib ki, bu ənənə bu gün də davam etdirilməli, milli mədəniyyətin və təhsilin inkişafı üçün iş adamları vəsait ayırmalıdırlar. Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova kitabın və yazının güclü silah olduğu barədə fikirlər söyləyib, müəllifin gərgin əməyindən danışaraq, onun maraqlı faktları kitab vasitəsilə ölkə ictimaiyyətinə çatdırılmasını bildirib. Moskvadan gələn həmvətənimiz, ədəbiyyatşünas Solmaz İbrahimi Azərbaycan dilinin qorunması, ona həssas yanaşmağın vacibliyini bildirib. O, qeyd edib ki, müəllif çoxlu tarixi faktlar araşdıraraq, maraqlı nəticələrə gəlmiş, kitablar isə M.Nağıyevi əbədiyaşar edib.

Təqdimat mərasimində kitabın ikinci redaktoru Bahar Qasımova, Qarabağ müharibəsi veteranı, polis mayoru Aidə Şirinova, şairə qəzəlxan Gülarə Munis, folklorşünas İlhamə Qəsəbova, mədəniyyət sahəsinin veteranı Mirəhməd Əsgərov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Rizvan Şükürov, veteran-kitabxanaçı Zemfira Əliyeva, şairə Mərcan Şahbuzi, Səbail və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları, şair və yazıçılar, ziyalılar və elm adamları çıxış ediblər.

Kitabın müəllifi Dilarə Ağamusa Nağıyeva-Muxtarova vətən sevgisi ilə yaşadığını bildirərək, Musa Nağıyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb və bildirib ki, onun ən böyük arzusu Musa Nağıyevin tikdirdiyi 98 binanın sayını 100-ə çatdırmaqdır.

Sonda tədbir iştirakçılarına səmimi və xoş arzularını çatdırıb və qeyd edib ki, bu kitab xeyriyyəçi-milyonçu Musa Nağıyevə həsr olunmuş sayca 7-ci kitabdır.

baku-art.az

 Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabının təqdimatını keçirib

 Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabının təqdimatını keçirib

 Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Hər ömür bir tamaşa., (Bakı gecələri)” kitabının təqdimatını keçirib
Oxunma sayı : 154