az
Bütün xəbərlər

Novruz bayramı süfrəsi necə olmalıdır?

5-03-2019, 09:24
Novruz bayramı süfrəsi necə olmalıdır?

Yurdumuza bahar gəlir… Təbiət oyanır, hər tərəf yaşıllaşır, quşların cəh-cəhi adamın ruhunu oxşayır, yaz günəşi insanı daxilən isidir. Sanki, insanlarda yeni ümidlər yaradır, yeni arzular, xəyallar formalaşdırır.

Bəlkə də, məhz buna görə Baharın gəlişini hər kəs sevə-sevə, təntənəli şəkildə qeyd edir. Baharın gəlişini isə, Novruz bayramı ilə qeyd edirik.

Novruz bayramı dedikdə hansı atributları düşünürük? Təbii ki, səməni, Kosa, Keçəl, Bahar qızı, tonqallar, hədiyyələr, papaq atmalar və s. Bütün bunlarla yanaşı ağıla gələn ilk şeylərdən şəkərburanı, paxlavanı, badamburanı, qoğalı, plovu, dolmanı, rəngarəng şamları, yumurtanı da misal göstərmək olar.

Novruz bayramı süfrəsi necə olmalıdır?

Novruzda hər kəs bir-birinə qonaq gedir və ya hər birimiz evimizə qonaq dəvət edirik. Və bu zaman bizim ən çox dadımıza çatan bizim süfrələrimiz olur. Başqa deyimlə desək, bayramın əsas atributlarından biri də süfrədir. Novruz süfrəsi isə zəngin olmalıdır. Adətdəndir, böyüklərimizdən bizə gəlib çatan ənənələrdir ki, qonağı razı şəkildə yola salmaq, süfrələrimizi min bir nemətlə bəzəmək və s. təbii ki… imkan daxilində.

Bəs biz Novruz süfrəmizi nə ilə bəzəyə bilərik? Daha doğrusu necə bəzəməliyik? İstər aksesuar cəhətdən istərsə də dadlı təamlardan. Bir sözlə, Novruz bayramı süfrəsinin olmazsa olmazları və süfrənin daha maraqlı etməyiniz üçün təkliflərimizi qeyd edəcəyik.

İlk öncə başlayaq süfrədən. Masada hansı rənglər üstünlük təşkil edəcək? Ən vacib məqamlardan biridir. Bilirik ki, Novruzun rəngləri çəhrayı, açıq yaşıl, qırmızı və ağ rəngləridir. Daha sonra süfrədəki qab-qacağa önəm verməlisiniz. Qab-qacaqlar həm düsündüyünüz yeməklərə uyğun olmalı, həm də masadakı rənglərlə uyğunlaşmalıdır. Yəni boşqablar, çəngəl-bıçaq setləri, stəkanlar, bakallar bir-biri ilə ahəng olmalıdır. Masadakı bütün hakim tonlar bir-birini izləməlidir.

Süfrəni bəzəmək üçün müxtəlif aksesuarlardan da istifadə edə bilərsiniz. Bu sizin süfrənizin mükəmməl görünməsinə şərait yaradacaq. Süfrənin daha xüsusi görünməsi üçün rəngli salfetlərdən, şamlardan istifadə edə bilərsiniz. Bu həm adi şamlar ola bilər, həm də Novruz atributlarının maketi olan (yumurtalar, səmənilər və s.) şamlar. Seçim sizdən asılıdır. Süfrənizə hansı daha uyğundursa onlara üstünlük verin.

Novruz bayramı süfrəsi necə olmalıdır?

İndi isə keçək süfrədəki “Əvəzolunmaz” nemətlərə:

Stola 7 ədəd S hərfi ilə başlayan qidalar qoyulması adətini, yəqin ki, bunu çoxları bilir: səməni, su, süd, sarı qızıl, sünbül, siyənək balığı, süzmə, sucuq və s. Niyə bu belədir, soruşursunuzsa, deyə bilərik ki, keçmiş zamanlarda insanlar dünyanın 7 təbəqədən ibarət olduğunu hesab edirdilər. Ona görə də ildəyişmə bayramında (Novruzda) 7 növ xörək, 7 növ şirniyyat, 7 növ çərəz və s.

“NOVRUZ XONÇASI”-da nələr olmalıdır?

Süfrələrin bəzəyi olan xonçalarda boyanmış rənarəng və naxışlarlarla bəzədilmiş yumurtalar, rəngli şamlar, səməni, şəkərbura, badambura, paxlava, qoğal, rəngli meyvə quruları (əncir qurusu, tut qurusu, zövqə görə kivi, ananas, xurma quruları və s.) , çərəz çeşidləri innab, iydə, xurma, qoz, fındıq, şabalıd, şabalıd, yer fındığı, püstə, bər-bəzəkli konfetlər, şirniyyatlar və daha nələr, nələr…

Novruz bayramı süfrəsi necə olmalıdır?

O ki qaldı süfrədəki yeməklərə, əlbəttə ki, bayram süfrəsini yeməklərin şahı plovsuz təsəvvür etmək olmaz. Daha sonra isə balıq, dolma, toyuq, kabab və s. zövqə uyğun dəyişir. Müxtəlif salatlar, ananas, şuba, mimoza, toyuq, qarğıdalı və s. hər kəsin zövqünə uyğun şəkildə hazırlanıb süfrələri bəzəmək üçün təqdim edilir.

Novruz bayramı süfrəsi necə olmalıdır?

Bayram-gözəllikdir. Bayramı dolu-dolu yaşayın. Bayram günlərində çəkinizdə artım belə olsa çalışın ki, bu sizin əhval-ruhiyyənizə təsir etməsin.

Qarşıdan gələn bayramınız mübarək! Qoy bu Bahar hər kəsin evində hüzur olsun! Küsülülər barışsın və mehribanlıq olsun! Bu bahar bütün hər kəsin süfrəsi bər-bəzəkli, ruzi-bərəkətli olsun! Hər daim can deyib, can eşıdəsiniz! Qoy gələn Bahar özü kimi həyatınızı da təravətləndirsin, hər kəsdə ruh yüksəkliyi yaratsın, hər kəs sağlıqlı həyat yaşasın!

Bayramın Mübarək, Azərbaycan!
Oxunma sayı : 130