az
Bütün xəbərlər

“Yubileylər silsiləsi” layihəsi çərçivəsində Rus klassiklərinə həsr olunmuş “Bəşəriyyət üçün incilər yaradanlar” adlı tədbir keçirilib

13-02-2019, 16:49
 “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Rus klassiklərinə həsr olunmuş “Bəşəriyyət üçün incilər yaradanlar” adlı  tədbir keçirilib

Fevralın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin böyük rus klassiklərinin, pedaqoqlarının yaradıcılığından və bəşəriyyət qarşısındakı xidmətlərindən bəhs edən “Rus ədəbiyyatı qəlbimin işığında” və “Bəşəri zəkanın rus dahiləri” kitablarının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, Azərbaycanın Rusiya ilə mədəni və ədəbi əlaqələrindən məlumat verib. Bu istiqamətdə Ulu öndər Heydər Əliyevin apardığı siyasətdən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən tarixi ənənənin davam etdirilməsindən danışıb. Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanı mədəniyyətin hamisi adlandıraraq, onun rus dilinin inkişafındakı rolunu qeyd edib.

Rusiyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri Mixail Boçarnikov iki dövlət və xalq arasında tarixən dost ənənələrinin olduğunu qeyd edib. Azərbaycanda rus dilinə, rus ədəbiyyatına olan marağı yüksək dəyərləndirib. Azərbaycan ədəbiyyatının zənginliyi haqqında danışaraq, çoxsaylı əsərlərin rus oxucusu tərəfindən maraqla qarşılandığını bildirib.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxışında qonaqları salamlayıb və Azərbaycan – Rusiya mədəni əlaqələrinin tarixi aspektinə geniş yer ayırıb. Azərbaycan Respublikası Prezidentinin “Latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları ilə çoxlu sayda nəşr olunmuş rus klassiklərinin əsərlərindən söhbət açıb.

Sonra millət vəkili Aydın Mirzəzadə çoxəsrlik inkişaf tarixinə malik olan zəngin Azərbaycan ədəbiyyatının başqa xalqların mədəniyyəti və yaradıcılığına qarşı xoşməramlı olduğunu vurğulayıb.

BDU-nun professoru Əsədulla Qurbanov müəllifin yaradıcılığından geniş söhbət açaraq hər iki kitabı böyük tədqiqat əsəri kimi qiymətləndirib. O, qeyd edib ki, bu cür əsərlər ali məktəb tələbələrinin dərs vəsaiti olmalıdır.

Daha sonra Türk Xalqları Ümumdünya Konqresinin prezidenti, hüquq elmləri doktoru Yəhya Əliyev Azərbaycan xalqının dünya söz xəzinəsinə verdiyi töhfələrdən danışıb və qeyd edib ki, xalqımız başqa xalqların ədəbi nailiyyətlərindən də faydalanıb. Məlumat verərək, o bildirib ki, Kutuzov, Kolçak, Naximovun və s. soyköklərində türkçülük var.

Şair Zakir Ağdamlı tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirərək qeyd edib ki, rus ədəbiyyatı möhtəşəm nümunələr yaradıb, rus klassiklərinin Azərbaycanla bağlılığını qeyd edib.

Sonda kitabların müəllifi Reyhan Mirzəzadə tədbir iştirakçılarına və bütün qonaqlara dərin minnətdarlığını bildirib.

Tədbir iştirakçıları və qonaqlar tanınmış yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin ərsəyə gətirdiyi çoxsaylı kitab və məqalələri yüksək qiymətləndiriblər.

Tədbir böyük təmsil ustası, yazıçı, şair, dramaturq, İ.A.Krılovun 250 illik yubileyinə təsadüf etdiyindən, bu mövzu da tədbirdə öz yerini tutub.

Tədbirdə “Bəşəriyyət üçün incilər yaradanlar” («Немеркнущие классики») virtual fotoalbom nümayiş olunub https://www.youtube.com/watch?v=BPOxnBYJcWI&t=3s

Yasamal rayon 53 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Kalinka” rəqsi, “Million alıx roz” valsı, “Katyuşa” və “Sinyaya veçnost” mahnıları, A.S.Puşkinin, M.Y.Lermontovun, N.A.Nekrasovun şeirləri rus və Azərbaycan dillərində səslənib, İ.A.Krılovun təmsillərindən səhnəciklər göstərillib.

Təqdimat mərasimində çoxsaylı ziyalılar, şair və yazıçılar, kitabxananın oxucuları iştirak edib.

Sonda tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi qarşısında fotoşəkil çəkdiriblər.

baku-art.az

 “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Rus klassiklərinə həsr olunmuş “Bəşəriyyət üçün incilər yaradanlar” adlı  tədbir keçirilib

 “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Rus klassiklərinə həsr olunmuş “Bəşəriyyət üçün incilər yaradanlar” adlı  tədbir keçirilib

 “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Rus klassiklərinə həsr olunmuş “Bəşəriyyət üçün incilər yaradanlar” adlı  tədbir keçirilib
Oxunma sayı : 178