az
Bütün xəbərlər

Bakıda Beynəlxalq Memarlıq Forumu keçiriləcək

1-02-2019, 14:09
 Bakıda Beynəlxalq Memarlıq Forumu keçiriləcək

Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi, Beynəlxalq Memarlar İttifaqının iştirakı ilə 7-11 iyunda Bakıda “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu və “Mədəni irs şəhərləri və turizm çağırışları” adlı IV Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçiriləcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, forum çərçivəsində tarixi şəhərlərdə kütləvi turizm nəticəsində baş verə biləcək problemlərin həlli yolları müzakirə ediləcək, tarixi şəhərlər və turistlər arasında ahəngə nail olmaq üçün memarların, eləcə də səlahiyyətli şəxslərin müzakirə dialoqu yaradılacaq.

Artıq 4-cü dəfə keçiriləcək Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin əsas məqsədi mükəmməl layihələndirmə və məsuliyyətli planlaşdırma metodlarını, mədəni irs yerlərində və tarixi əhəmiyyətə malik məkanlarda turizmin inkişafını əks etdirən layihələri (təklif olunan və həyata keçirilən) tanıtmaqdır. Bu, tarixi əhəmiyyətli yerlərin və obyektlərin təfsir edilməsi üçün yeni imkanlar yarada, eləcə də mövcud binaların turizm məqsədləri üçün uyğun şəkildə yenidən istifadəsinə yol aça bilər.

Qeyd edək ki, tədbirin əsas operatoru olan Bakı Media Mərkəzi tərəfindən forumun saytı (www.uia2019baku.org) artıq işə başlayıb və iştirak etmək üçün qeydiyyat sayt vasitəsilə həyata keçirilir.

baku-art.az
Oxunma sayı : 91