az
Bütün xəbərlər

Bu gün böyük teatr ustası Tofiq Kazımovun anadan olmasından 96 il ötür

14-01-2019, 11:15
 Bu gün böyük teatr ustası Tofiq Kazımovun anadan olmasından 96 il ötür

Deyirlər, bu dünyada yalnız xalqın sevgisini qazananlar özlərini xoşbəxt saya bilərlər. Ən etibarlı abidə də, ən toxunulmaz arxiv də - elə xalqın yaddaşıdır. El ruhunda, el qəlbində elə cazibə var ki, ona bağlı olanların adını yüz illərdən sonra da qoruyub saxlayır. Uzun illər Dövlət Akademik Milli Dram Teatrında baş rejissor işləmiş, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaradıcısı kimi tanınmış görkəmli rejissor, Xalq artisti Tofiq Kazımov da belə - həyat və sənət dolu şəxsiyyətlərdəndir.

Bu gün böyük teatr ustası Tofiq Kazımovun anadan olmasından 96 il ötür.

Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda bir sıra yaddaqalan obrazlar yaradan sənətkar 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.

Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.

Onun quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb.

Uzun illər Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs demiş Tofiq Kazımov, həmçinin bir sıra sənətkarlar barədə monoqrafiyalar yazıb. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi kimi tanınan T.Kazımov mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. Onun quruluşunda səhnə təcəssümü tapan “Şəhərin yay günləri”, “Antoni və Kleopatra”, “Sevilya ulduzu”, “Lənkəran xanının vəziri”, “Pəri cadu”, “Yalan”, “Yağışdan sonra”, “Ölülər” və onlarla digər tamaşalar o zamankı teatrsevərlərin yaxşı xatirindədir.

Milli rejissor sənətimizin korifeylərindən sayılan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci ildə avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.

baku-art.az
Oxunma sayı : 66