az
Bütün xəbərlər

Yeni il süfrəsi necə olmalıdır?

27-12-2018, 09:40
Yeni il süfrəsi necə olmalıdır?


Bayram süfrəsi hazırlayarkən Yeni il ab-havasına uyğun olaraq, rəng seçiminə, süfrənin rəngarəng görüntüsünə diqqət yetirin. Qızılı, qırmızı, əlvan rəngli dekorasiyalarla süfrəyə bəzək verərək əhvalınızı qaldırın. Bayram süfrəsində şamları və Yeni il aksessuarlarını da unutmaq olmaz. Kiçik bir çiçək dəstəsi isə qarşıladığınız Yeni ilə təravət, təmizlik, yenilik ab-havası qatacaq.

Azərbaycanda Yeni il süfrəsində hansı qidaların olması ilə bağlı inanclar yoxdur. Amma Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir.

Rusiyada Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər.

Macarıstanda da Yeni il süfrəsinə qaz, ördək, toyuq qoymurlar. Guya yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər.

Almaniyada isə süfrəyə 12 ədəd soğan qoyurlar, amma yemək üçün yox, gələn ilin hava proqnozlarını müəyyənləşdirmək üçün. Onlar gələcək ilin ayları timsalında on iki ədəd baş soğanı götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuran kimi soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalanları isə quraqlıq keçəcək.

Kubada Yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Hər kəs saatın zəngləri gecəyarısını vurduqda on iki gilə üzüm yeməlidir. Bu, o deməkdir ki, ilin on iki ayında sənin həyatın üzüm kimi şirin olacaq.

Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisinə daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.


baku-art.az


Yeni il süfrəsi necə olmalıdır?

Yeni il süfrəsi necə olmalıdır?

Yeni il süfrəsi necə olmalıdır?
Oxunma sayı : 266