az
Bütün xəbərlər

Fəvvarələr meydanında ənənəvi xeyriyyə yarmarkası açılıb

3-12-2018, 16:04
Fəvvarələr meydanında ənənəvi xeyriyyə yarmarkası açılıb


Dekabrın 1-də Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb. Dalbadal altıncı ildir “Nargis Fund”un təşəbbüsü ilə keçirilən yarmarka 2019-cu il yanvarın 6-dək davam edəcək.

“Azərişıq” ASC, “Bakı Abadlıq Xidməti” MMC və “Pasha Security”, habelə “Boutique One”, “Azercell”, “Azərbaycan çayı”, “Berg”, “Balkhoorma”, “Zeytun bağları”, “Muğanbank” və “Coca-cola” yarmarkanın yüksək səviyyədə keçirilməsinə dəstək göstərirlər.

Ənənəyə görə, tədbirdən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatına yönəldiləcək. Uşaq evlərinin sakinləri yarmarkanın fəxri qonaqları olacaqlar. Onları əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanında quraşdırılan kiçik taxta evlərdə təşkil edilib. Burada doğma və yaxınlar üçün Yeni il hədiyyələri – suvenirlər, kitablar, geyim və şirniyyat almaq və bununla da ehtiyacı olan bir çox uşaqlara sevinc bəxş etmək olar. Xudmani kafelər ətirli qəhvə və çay içib qızınmağı, müxtəlif bişintilərin və milli yeməklərin dadına baxmağı təklif edirlər.

Əyləncəli proqramlar, konsertlər, maraqlı insanlarla tanışlıqlar, böyüklər və uşaqlar üçün çoxsaylı sürprizlər əsl Yeni il ovqatı yaradacaq, Şaxta Baba ilə Qar Qızın, sevimli nağıl qəhrəmanlarının müşayiəti ilə qış nağılı aləminə səyahət etmək və özünü bu nağılın qəhrəmanı hiss etmək imkanı bəxş edəcək.

Qeyd edək ki, “Nargis Fund” “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən 2012-ci ildə yaradılıb. Artıq xoş ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası da məhz həmin vaxtdan keçirilir.

“Nargis Fund”un fəaliyyəti və “Soyuq əllər, isti ürək” yarmarkası haqqında ətraflı informasiyanı Fondun rəsmi “nargisfund.com” saytında, habelə “Instagram” və “Facebook” sosial şəbəkələrindəki rəsmi səhifələrində əldə etmək olar.

baku-art.az

Fəvvarələr meydanında ənənəvi xeyriyyə yarmarkası açılıb

Fəvvarələr meydanında ənənəvi xeyriyyə yarmarkası açılıb

Fəvvarələr meydanında ənənəvi xeyriyyə yarmarkası açılıb
Oxunma sayı : 350