az
Bütün xəbərlər

Dədə Şəmşir dünyası

24-09-2018, 15:49
Dədə Şəmşir dünyası


“Dədə Şəmşir dünyası” adlı metodiki tövsiyyə

Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:

2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur. Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatı və musiqisinin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Aşıq Şəmşirin anadan olmasının 125-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.-İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 aprel 2018-ci il

XX əsr Azərbaycan aşıq yaradıcılığının nümayəndələrindən biri də Qarabağ aşıq mühitinin ustad sənətkarı Aşıq Şəmşirdir. Aşıq Şəmşirin yaradıcılığını Qarabağ aşıq mühitindən kənarda təsəvvür etmək mümkün deyil. Çünki ərazi etibarilə yaxın olan Qarabağ və Göyçədə tarix boyu saz-söz sənəti eyni ənənələr üzərində formalaşmış və inkişaf etmişdir. Aşıq Şəmşir Göyçə, Qarabağ aşıq mühitinin poetik ənənələri əsasında sənətkara çevrilmiş, bu mühitin koloriti onun sazında və sözündə yaradıcılığı boyu yaşamışdır. Çoxəsrlik tarixə malik Azərbaycan aşıqlarının coğrafi hüdudları genişdir. Bu ulu sənətin inkişafında Anadolu, Təbriz, Şirvan, Göyçə, Qarabağ, Gəncəbasar, Borçalı, Naxçıvan aşıqlarının böyük rolu olnuşdur. Qüdrətli saz-söz sənətkarları yetirən Azərbaycan aşıqlarının nailiyyətləri bu sənətin inkişafında əhəmiyyətli rol oynamışdır. Aşıq Şəmşir hələ sağlığında aşıq sənətinin zirvəsini fəth etmiş, xalq arasında “Dədə Şəmşir” kimi məşhurlaşmışdır. O, yaradıcılığı ilə Azərbaycan aşıq şeirini məzmun və sənətkarlıq baxımından zənginləşdirmişdir. Klassik aşıq poeziyası ilə müasir aşıq poeziyası arasında ayrılmaz körpü salan Aşıq Şəmşirin bədii irsi zəngin forma gözəlliyinə malikdir. O, müxtəlif mövzularda yaratdığı qoşma, gəraylı, təcnis, müxəmməs, bayatı, ustadnamə, divani, deyişmə ilə yanaşı üç dastan müəllifidir.

“Baxın ha Səmədlə Aşıq Şəmşir bir dağın döşündəki bulağın qoşa gözüdür. Biri şifahi ədəbiyyatdır biri yazılı ədəbiyyat. Baxın görün bunlar əl-ələ verib quvuşduğu kimi, qucağlaşdığı kimi bu su da bir məcrada necə birləşib. Bu bir xalqın mənəviyyatıdır, bir xalqın dünyasıdır”
Heydər Əliyev
Dədə Şəmşır həm də bir neçə dastanların müəllifidir. Məhz “Cəlal və Mınayə”, “Misir və Sənəm”, “Şəmşir və Sənubər adlı dastanlar ustad sənətkara şöhrət gətirən əsərlərindəndir. Dədənin dördüncü dastanı “Calal və Şəkər” adlanır. Beşıncı dastan “İrəvanlı Məhəmməd” və son dastanı böyük Azərbaycan şairi Səməd Vurğunun 1955-ci ilin avqust ayında Kəlbəcərə - İstisuya gəlişi ilə əlaqədar “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” adli dastanıdır. Dastan Dədənin ilk görüşündən başlayır və Səməd Vurğunun vəfatı ilə bitir. Adları qeyd edilən əsərlərdən qalanlar “Şəmşir və Sənubər” və “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” dastanlarıdır. Qalan dastanların əksəriyyəti ermənilər tərəfindən yandırılıb məhv edilmişdir. Geniş yaradıcılıq imkanlarına malik Dədənin səhnə əsərləri yazdığı da məlumdur. 1943-44 cü ildə yazdığı “Polad” pyesi və ikinci səhnə əsəri olan “Əsli və Kərəm” dastanı səhnələşdirmişdir.

“Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şerinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla ifadə etmişdir.”

M.H.Təhmasib Şəmşiri təbiət şairi kimi dəyərləndirərək yazmışdır: “Təbiət təsviri cəhətdən onun dağlara həsr etdiyi gözəlləmələr çox səciyyəvidir. Bizim aşıq şairlərimizin heç biri Şəmşir qədər dağlara şeir həsr etməmişdir”. Aşığın dağlara olan sevgisi o qədər güclüdür ki, hətta öldükdən sonra bu dağlardan ayrılmaq belə istəmir. Arzu edir ki, ruhu bədənindən ayrılısa da, dağlardan ayrılmasın Heydər Əliyev - 5 iyul 2003-cü il.

Aşıq Şəmşir özündən sonra zəngin poetik irs qoymuşdur. Onun ustad aşıq kimi yaradıcılığı mövzu və məzmun baxımından çox rəngarəngdir.

Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi və geniş oxucu kütləsi arasında təbliği kitabxanaların qarşısında duran əsas vəzifələrdən biridir. Yubiley ili ilə əlaqədar olaraq kitabxanalara tədbirlər planı hazırlamaq və buna müvafiq bir sıra işlərin həyata keçirilməsi tövsiyə olunur:

“Dəyirmi masa”ların, tədbirlərin keçirilməsi;

slaydların, video çarxların hazırlanması və nümayiş etdirilməsi;

İnformasiya xarakterli nəşrlərin çapı;

125 illik yubileyin kitabxanalarda geniş təbliği üçün kitab sərgiləri, kitabxana plakatı, stend, oxucu konfransı, tədbir, kitab müzakirəsi, dəyirmi masa, inşa və rəsm müsabiqələri, məlumat həftəsi, məruzə və mühazirə, söhbət və s. tədbirlər keçirilə bilər.

İstifadə olunmuş ədəbiyyat:
1. Aşıq Şəmşir. Qoşmalar. Bakı, Azərnəşr, 1971.
2. Aşıq Şəmşir. Şeirlər. Bakı, Yazıçı, 1980.
3. Aşıq Şəmşir. Seçilmiş əsərləri. Bakı, Avrasiya press, 2006.
4. Aşıq Şəmşir. Şeirlər / Tərtib edəni Sarıvəlli O. Bakı, Azərb. SSR EA nəşriy., 1959.
5. İsayeva S. Aşıq Şəmşirin poetikası. Bakı, Elm və təhsil, 2012.
6. İbrahimov M. Aşıq poeziyasında realizm. Bakı, Azərb. SSR EA nəşriy., 1966.
7. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 1992.

Hazırladı: Xəzər rayon MKS-nin informasiya-resurs şöbəsinin müdiri N.Abdulova

baku-art.az
Oxunma sayı : 331