az
Bütün xəbərlər

Bu gün Azərbaycan Respublikasının xalq şairi Bəxtiyar Vahabzadə dünyaya gəlib

16-08-2018, 10:43
Bu gün Azərbaycan Respublikasının xalq şairi Bəxtiyar Vahabzadə dünyaya gəlib


Vahabzadə Bəxtiyar Mahmud oğlu - görkəmli azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995,2000), “İstiqlal” ordeni ilə təltif olunmuşdur (1995).

Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarından ailəsi ilə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub .

"Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

baku-art.az
Oxunma sayı : 142