az
Bütün xəbərlər

Bu gün Azərbaycan Respublikasının Xalq artisti Telman Adıgözəlovun doğum günüdür

17-07-2018, 10:45
Bu gün Azərbaycan Respublikasının Xalq artisti Telman Adıgözəlovun doğum günüdür


Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olmuşdur. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etmişdir.

1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynamışdır.

Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

14-ü aprel 2010-cu il, Akademik dramatik teatrının direktoru Maqbet Bunyatovun sözlərinə görə Telman Adıgözəlov teatrda bütün günü özünü normal hiss edib. Amma təxminən 01.00 aktyor özünü pis hiss etdiyini qızına deyib. Aktyorun qızı dərhal təcili yardımı çağırıb. Ancaq, həkimlər aktyorun həyatını xilas edə bilməyiblər.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib. Fatmayıdakı kənd qəbristanlığında torpağa tapşırılıb.


baku-art.az
Oxunma sayı : 282