az
Bütün xəbərlər

Nəriman Nərimanovun xatirə muzeyi

2-07-2009, 10:11
İctimai-siyasi xadim, publisist, dramaturq, müəllim, həkim, dövlət xadimi Nəriman Nərimanovun xatirə muzeyi 1977-ci il noyabrın 6-da keçmiş Nikolayevski küç.17-də (indi İstiqlaliyyət küç.35) yerləşən binanın 2-ci mərtəbəsində açılmışdır. N. Nərimanov mənzildə 1913-1918-ci illərdə ailəsi ilə birlikdə yaşayıb.

Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir: yemək, həkim kabineti, qonaq və yataq otaqları. Bu otaqlarda nümayiş etdirilən eksponatlar N. Nərimanovun ictimai-siyasi, ədəbi, maarifçilik, həkimlik, publisistik, diplomatik və dövlət xadimi kimi fəaliyyətindən bəhs edir.

Ekspozisiyanın 1-ci otağı N. Nərimanovun uşaqlıq və gənclik illərinə dair sənəd və materialları əks etdirir. N. Nərimanovun anadan olması haqqında şəhadətnamə, Qori müəllimlər seminariyasını bitirməsi haqqında şəhadətnamə, Qızılhacılı kənd məktəbində müəllimlik fəaliyyətindən bəhs edən sənədlər, habelə Tiflisdəki evinin maketi, həkimlik diplomu və s. əşyalar nümayiş etdirilir.

Ekspozisiyanın 2-ci otağı N. Nərimanovun ictimai-siyasi fəaliyyətinin XX əsrin ilk onilliklərini əhatə edən sənəd və materiallarını əks etdirir.

3-cü otağın ekspozisiyasında N. Nərimanovun xatirə əşyaları, mebel, çilçıraq, oğlu Nəcəfə yazdığı yarımçıq məktubu, N. Nərimanovun və oğlunun ölümü ilə bağlı sənəd və materiallar, habelə N. Nərimanovun adının əbədiləşdirilməsindən bəhs edən sənədlər nümayiş etdirilir.

Muzeyin 4-cü otağı tibbi kabinetdir. Bu otaqda hər şey N. Nərimanovun böyük qardaşı Salmanın qızı İltifat xanımın xatirələrinə əsasən 1913-1918-ci illərdə olduğu kimi bərpa edilmişdir. N. Nərimanovun tibbi alətləri, dərman saxlanılan şkafı, asılqanı, tablolar böyük mütəfəkkirin həkimlik fəaliyyətini işıqlandırır.
Muzeyin fondunda beş mindən artıq müxtəlif eksponatlar, sənəd və materialların əsli, xatirələr, Nərimanovun ailəsinin genealogiyası və digər əşyalar qorunub saxlanılır.


Nəriman Nərimanovun xatirə muzeyi


Nəriman Nərimanovun xatirə muzeyi


Nəriman Nərimanovun xatirə muzeyi


Nəriman Nərimanovun xatirə muzeyi


Nəriman Nərimanovun xatirə muzeyi
Oxunma sayı :