az
Bütün xəbərlər

2017-ci il İslam Həmrəyliyi İli və onun təbliğində kitabxanalarımızın rolu

14-08-2017, 10:00
2017-ci il İslam Həmrəyliyi İli və onun təbliğində kitabxanalarımızın rolu

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300- dən çoxu tarixi-mədəni abidə kimi qorunur.

Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun 4 qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009- cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədə- niyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2017-ci il


İslam dinində ən üstün əməllərdən biri elm öyrənməkdir. Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Elm arxasınca gedən hər bir kəs atdığı hər bir addımda Allah-Təala tərəfindən Bədr müharibəsində şəhid olanlar qədər savaba layiq görülər və elm əldə etmək niyyətində olanlar Uca Yaradanın sevimli bəndələrindəndir.” (Məhəmməd əl-Buxari, “Mənakibu-Ənsar”). Uca Allah Qurani-Kərimdə ilk sözünü oxumaq ifadəsi ilə başlamışdır. Çünki elm insanların səadət və kamala çatma yolunu müəyyənləşdirir. Elm vasitəsilə insanlar öz gələcəklərini istədiyi formada inşa etmək imkanı əldə edir. Məhəmməd peyğəmbər (s) öz ümmətini davamlı olaraq elm öyrənməyə təşviq etmişdir. Məlum olduğu kimi o, Bədr müharibəsindən sonra Mədinə xalqından on adama savad öyrədən hər əsirin heç bir fidyə almadan azadlığa buraxılmasını əmr etmişdir. Bu qərar Allah rəsulunun elm və savad öyrənməyə verdiyi önəmi əks etdirmişdir.

Müsəlmanlar üçün elm və din bir-birindən ayrı deyildir. Elm hər zaman din ilə vəhdət təşkil etmişdir. Orta əsr müsəlman intibahı dövründə fizika, astronomiya, geologiya, tibb, riyaziyyat və digər elmlər müsəlmanlara aid elm ocaqlarında tədris edilmişdir. Həmin dövrdə dini və elmi mərkəzlərdə böyük kitabxanalar yaradılmış, elm və din bir-birini tamamlayaraq inkişaf etmişdir. İstər dini mətnlərdən, istər tarixi mənbələrdən məlum olur ki, İslam dini heç vaxt elmlə ziddiyyət təşkil etməmiş, əksinə yarandığı andan etibarən insanlara elm öyrənməyi buyurmuşdu. İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq, həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir.

Dövlət başçımızın 2017-ci ili “İslam həmrəyliyi İli” elan etməsi isə bütün dünyaya dinindən, dilindən və irqindən asılı olmayaraq insanların həmrəy yaşaması üçün bir çağırışdır.Həmçinin bu ilin çox önəmli beynəlxalq tədbiri olan IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi müstəqil Azərbaycan Respublikasının müsəlman dünyasındakı nüfuzundan xəbər verir. Bu beynəlxalq tədbir İslam dünyasındakı mövcud problem və qarşıdurmaların aradan qaldırılması istiqamətində addımların atılmasına və bu sahədə nailiyyətlərin əldə edilməsinə böyük təsir göstərəcək.

Bu gün İslam mədəniyyətinin, tolerantlığın, multikultural dəyərlərin, həmçinin, dinlərarası və mədəniyyətlərarası dialoqun gücləndirilməsində kitabxanaların da xüsusi rolu vardır. Kitabxanaçılar müqəddəs dinə zidd olan fəlsəfələrin formalaşmaqda olan gənc nəslin milli mənəvi tərbiyəsinə mənfi təsir etməməsi üçün mütəmadiolaraq İslam dininin və adət-ənənələrimizin üstün keyfiyyətlərini onlara çatdırmalıdırlar. “İslam həmrəyliyi İli” çərçivəsində kitabxanalarda tədbirlər planı hazırlanmalı və buna uyğun olaraq bir sıra işlər həyata keçirilir.

Bu il ərzində kitabxanamızda “2017-ci il İslam Həmrəyliyi İlidir”adlı daimi sərgimiz oxucuların istifadəsinə verilmişdir. Daha sonra kitabxanalarda “İslam sülh, qardaşlıq, dostluq dinidir”, “Azərbaycan islam oyunları paytaxtıdır” adlı dəyirmi masa söhbətlər təşkil etmək olar.

Dinindən və milli mənsubiyyətindən asılı olmayaraq oxucuların İslam dini, həmrəyliklə bağlı informasiyanı zaman və məkan məhdudiyyəti olmadan ala bilmələri üçün kitabxanalar öz vebsaytlarında xüsusi bölmələrlə məlumat bazalarını təqdim edə bilərlər. “Rəsmi sənədlər”,“İslam dini haqqında maraqlı məlumatlar”, “İslam dininin yaranma tarixi” və bu kimi başqa bölmələrdən ibarət ola bilər.

Gənc nəslin dini maarifləndirilməsi sahəsində ənənəvi kitab sərgiləri ilə yanaşı müasir dövrün tələbi olan virtualkitab sərgiləri də hazırlamaq mümkündür.
İntellektual oyunlar - məktəbyaşlı oxucular arasında dini maarifləndirmə zamanı bilik yarışmalarının keçirilməsi də məqsədəuyğun olardı. Ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında belə bilik yarışlarının keçirilməsi xüsusilə yuxarı sinif şagirdlərinin İslam dini ilə bağlı intellektual səviyyələrinin artırılmasına yardım etmiş olacaqdır. İntellektual bilik yarışlarının keçirilməsi üçün kitabxana öncədən elan verməli, iştirakçıları, münsiflər heyyətini, yarışın şərtlərini müəyyən etməli, yeri və tarixi barədə məlumat verməlidir.İslam dini və onun təbliğində biz kitabxanaçıların da üzərinə vəzifə düşür. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi irsimizlə fəxr edirik. Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri.


Hazırladı:Xəzər rayon MKS-nin informasiya–resurs şöbəsinin müdiri Nilufər Abdulova


baku-art.az
Oxunma sayı : 546